Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Avropa İttifaqı nümayəndə heyətinin Naxçıvana işgüzar səfəri başa çatıb

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko və onun rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvana işgüzar səfəri başa çatıb.

Səfər çərçivəsində qonaqlar Naxçıvan şəhərindəki “Xan Sarayı” Tarix-Memarlıq, Möminə xatun türbəsi və Açıq Səma Altında Muzey Kompleksində olublar. İlk olaraq buradakı yaradıcılıq nümunələrinə maraq göstərən qonaqlar satışa çıxarılan əl işlərindən alıblar. Xan Sarayında məlumat verilib ki, abidə Azərbaycanın orta əsrlər memarlığının nadir incisi sayılır. Xüsusi quruluşda inşa edilən saray orijinal memarlıq üslubu ilə seçilir. Avropalı nümayəndə heyəti buradakı tarixi məişət əşyaları, misgərlik nümunələri, aynalı otaq, döyüş bayraqları, eləcə də Naxçıvan xanlığının müdafiəsində istifadə olunmuş silahlar haqqında məlumatlar əldə etdikdən sonra fotolar çəkib, onları maraqlandıran suallar cavablandırılıb.

Möminə xatun türbəsi ilə tanışlıq zamanı qeyd olunub ki, 1186-cı ildə tikilən türbə həm Azərbaycan milli memarlığının möhtəşəm nümunəsi, həm də Şərq memarlığı inciləri sırasındadır. Abidə 1998-ci ildən UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin siyahısına daxil edilib.

Duzdağ Fizioterapiya Mərkəzinə gələn qonaqlar buranın təbii imkanları, müalicəvi xüsusiyyətləri barədə ətraflı məlumat alıblar. Bildirilib ki, şəfa ocağında tənəffüs yollarının qeyri-spesifik xəstəlikləri, allergiya, xüsusilə bronxial astmadan əziyyət çəkənlər müalicə olunurlar. Müalicə prosesi tam təbii üsullarla həyata keçirilir. Qonaqlar mərkəzin şəraiti ilə yaxından maraqlanıb, pasiyentlərin qalma müddəti və qiymətlərlə bağlı suallara cavab tapıblar.

Sonra avropalı qonaqlar Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsinə gəlib, müasir kompleksin imkanları haqqında geniş məlumat alıblar. Diqqətə çatdırılıb ki, sərhəd və gömrük xidmətinin yüksək səviyyədə təşkilinə imkan verən kompleksdə sürətli keçid üçün VİP və CİP xidmətləri, yüklərin rəsmiləşdirilməsi binaları, kinoloji xidmət, yoxlama-baxış sistemləri bölməsi və digər zəruri infrastruktur yaradılıb.

Rahat və sürətli keçidin təmin olunması məqsədilə giriş və çıxış istiqamətlərinin hər birində istiqamətverici monitorlar olan 6 hərəkət zolağı yaradılıb. 3 zolağın avtobus və minik nəqliyyat vasitələrinin, 1-i tranzit olmaqla digər 2 zolağın yük nəqliyyat vasitələrinin hərəkəti, 1 zolağın isə sürətli keçid üçün istifadəsi nəzərdə tutulub.

Kompleksdə gömrük nəzarəti və rəsmiləşdirilməsi “bir pəncərə” prinsipinə uyğun həyata keçirilir, “Yaşıl kanal” və “Qırmızı kanal” buraxılış sistemləri tətbiq olunur.

Burada yüksək görüntü keyfiyyətinə malik 90 kameralıq video-nəzarət sistemi qurulub.

Bununla da Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko və onun rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvana işgüzar səfəri başa çatıb.

admin

Related Posts