Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Muxtar respublikada növbəti dəfə quru tütünün tədarükünə başlanılıb

Muxtar respublikamızda gəlirli sahə olan tütünçülüyün inkişafı, emal sahələrinin yaradılması və xammala olan tələbatın yerli istehsal hesabına ödənilməsi diqqətdə saxlanılır. Bunun nəticəsidir ki, cari ildə tütün əkini sahələri genişləndirilərək 74 hektara çatdırılıb. Nəticə etibarilə əvvəlki illərlə müqayisədə quru tütün istehsalı daha da artıb. 

Muxtar respublikamızın torpaq-iqlim şəraiti tütünçülüyün genişləndirilməsinə və bol məhsul götürülməsinə imkan verir. Yüksək gəlir və əldə edilən məhsuldarlıq, eyni zamanda dövlət dəstəyi fermerlərin bu sahəyə marağını daha da artırıb. Hazırda Kəngərli, Şərur və Babək rayonlarında tütünçülük təsərrüfatları fəaliyyət göstərir. Torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulları Kəngərli rayonundakı və tütün qəbulu məntəqələrinə həm yaş, həm də quru halda təhvil verirlər.

Qeyd edək ki, ötən il muxtar respublikada 52,4 hektar sahədə tütün yetişdirilib. Yaxşı gəlir əldə edən təsərrüfatçılar bu il əkin sahələrini 74 hektara çatdırıblar. Sahələrdə daha məhsuldar “Virciniya” sortu əkilib. Bunun da daha çoxu Kəngərli rayonunun payına düşür.

Artıq tütün yetişdirmə mərkəzində növbəti məhsul qəbuluna başlanılıb. Bu məqsədlə müvafiq hazırlıq işləri görülüb və məhsulun vaxtında qəbulu üçün lazımi şərait yaradılıb. Tütün Yetişdirmə Mərkəzinə məxsus texnikalarla tədarük edilən quru tütün buraya daşınır.

Gətirilən məhsul elektron tərəzi vasitəsilə çəkilir, mütəxəssislər tərəfindən baxış keçirilir və keyfiyyəti müəyyənləşdirilir. Odur ki, fermerlər istehsal etdikləri məhsulu çətinlik çəkmədən mərkəzin anbarlarına təhvil verirlər.

Fermerlərə təhvil verdikləri məhsulun dəyəri yerindəcə ödənilir. Qeyd edək ki, quru tütünün qəbulu bu il 3 manat 50 qəpikdən həyata keçirilir. “Virciniya” sortunun alış qiymətləri və yaradılan şərait sahibkarların ürəyincədir.

Hazırda əsas diqqət tədarük edilən məhsulun qısa müddətdə alınmasına və dəyərinin yerindəcə ödənilməsinə yönəldilib. Bu isə ailə təsərrüfatçılarının qazancının artması, büdcələrinin zənginləşməsi deməkdir.

admin

Related Posts