Azərbaycan Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə vəsait ayırır.
Prezident İlham Əliyev bununla bağlı avqustun 11-də Sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə iki milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılsın.
Bundan bir gün öncə, avqustun 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng etmişdi.
Telefon danışığı zamanı Zelenski Əliyevi ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Ermənistanla Azərbaycan arasında imzalanmış birgə bəyannamə münasibətilə təbrik edib və bu görüşün tarixi xarakter daşıdığını vurğulayıb.
Eyni zamanda tərəflər Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən hava zərbələrinin endirilməsini pisləyiblər. Bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın davam etməsinə maneə yaratmayacağını qeyd ediblər.
Avqustun 8-də Rusiya “Şahed” dronları ilə Azərbaycanın SOCAR neft şirkətinin Odessadakı neft bazasına hücum edib. Nəticədə yanğın baş verib, dizel yanacağı kəməri zədələnib. Dörd nəfərin xəsarət aldığı bildirilirdi.
Ukraynanın “Naftoqaz Ukrainı” milli səhmdar cəmiyyəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə qaz alqı-satqısına dair bu ilin iyulunda ilk müqavilə imzalayıb.