Today Çərşənbə axşamı, 12th Avqust 2025
Birinci 24

Birinci 24

Azərbaycan və Ermənistan arasındakı sülh sazişinin paraflanmış mətni yayılıb

Azərbaycan və Ermənistan arasındakı sülh sazişinin paraflanmış mətni yayılıb

“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmış mətni yayılıb.

Birinci24 informasiya agentliyi xəbər verir ki, mətni Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yayıb.

Saziş ümumilikdə 17 maddədən ibarətdir.

Sazişdə göstərilir ki, tərəflər BMT Nizamnaməsini, həmin Nizamnaməyə uyğun olaraq dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlıq ilə bağlı beynəlxalq hüququn prinsipləri haqqında Bəyannaməni, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransının Helsinki Yekun Aktını və Almatı Bəyannaməsini rəhbər tutaraq öz aralarında sülh və dövlətlərarası münasibətləri təsis etmək barədə razılığa gəlirlər.

Sazişin razılaşdırılmış mətnindəki əsas hissələri təqdim edirik:

  •  Tərəflər keçmiş SSRİ-nin Sovet Sosialist Respublikaları arasında sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq birlik tərəfindən bu şəkildə tanındığını təsdiq edərək, bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər;
  • Azərbaycan və Ermənistan bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını təsdiq edirlər;
  • Hər iki ölkə bir-biri ilə qarşılıqlı münasibətlərdə ərazi bütövlüyü və ya siyasi müstəqilliyə qarşı güc tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələməkdən çəkinəcəklər;
  • Tərəflər bir-birinin daxili işlərinə müdaxilədən çəkinəcəklər;
  • Azərbaycan və Ermənistan öz aralarında diplomatik münasibətlər quracaqlar;
  • Hər iki ölkə dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqqında Saziş imzalayacaq;
  • Tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər;
  • Hər iki tərəf dözümsüzlük, irqi nifrət və ayrıseçkilik, separatizm, zorakı ekstremizm və terrorizmin bütün təzahürləri ilə mübarizə aparacaqlar;
  • Hərbi münaqişədə baş vermis itkin düşmüş şəxslər və məcburi yoxaçıxma ilə bağlı halların həlli üçün tədbirlər görəcəklər. Bununla əlaqəli ayrıca sazişdə razılaşdırılacaq;
  • Tərəflər, iqtisadiyyat, tranzit və nəqliyyat, ətraf mühit, humanitar və mədəniyyət daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün ayrıca razılaşmalar bağlaya bilərlər;
  • Hazırki Saziş tərəflərin beynəlxaq hüquq və onların hər birinin digər BMT- yə üzv dövlətləri ilə bağlanmış müqavilələr üzrə hüquq və öhdəliklərinə xələl gətirmir;
  • Hər iki ölkə ikitərəfli münasibətlərində beynəlxalq hüququ və bu sazişi rəhbər tutacaqlar, onlardan heç biri özünün daxili qanunvericiliyinin müddəalarına bu sazişi icra etməməyə haqq qazandırmaq üçün istinad etməyəcəklər;
  • Bu sazişin icrasına nəzarət məqsədilə ikitərəfli komissiyalar təsis ediləcək;
  • Tərəflər, onların beynəlxalq hüquq və qarşılıqlı münasibətlərində onlar üçün məcburi xarakter daşıyan müqavilələr üzrə hüquq və öhdəliklərinə xələl gətirmədən birbaşa məsləhətləşmələr yolu ilə həll etmək istiqamətində çalışacaqlar;
  • Azərbaycan və Ermənistan hüquqi müstəvidə onlar arasında bu Sazişin imzalanmasından əvvəl mövcud olan bütün dövlətlərarası iddiaları, şikayətləri, etirazları, iradları, icraatları və mübahisələri bu sazişin qüvvəyə mindiyi gündən bir ay ərzində geri çəkəcək, xitam verəcəklər;
  • Bu saziş tərəflərin öz milli qanunvericiliklərinə uyğun olaraq daxili prosedurların bitməsi barədə bildiriş sənədlərinin mübadiləsindən sonra qüvvəyə minəcək.

Və son olaraq bildirilir ki, bu saziş Azərbaycan, erməni və ingilis dillərində bağlanılıb və hər üç mətn bərabərhüquqlüdür. Hər hansı mətnin müddəasının təfsirində fikir ayrılığı olduqda ingilis dilindəki mətn üstünlük təşkil edəcək.

Editor

Related Posts