Today Çərşənbə axşamı, 12th Avqust 2025
Birinci 24

Birinci 24

Çirkli neftə görə Azərbaycan Avropa şirkətlərinə təzminat ödəyə bilər

Çirkli neftə görə Azərbaycan Avropa şirkətlərinə təzminat ödəyə bilər

İyul ayında Ceyhan limanından Azərbaycanın BTC (Bakı-Tbilisi-Ceyhan) neft boru kəməri vasitəsilə yüklənmiş neftin həcmi azalıb. “Reuters” agentliyi “Kpler” analitik şirkətinə istinadən xəbər verir ki, BTC kəməri ilə gündəlik yüklənmə həcmi 423 min barrel təşkil edib. Bu isə nəzərdə tutulan 561 min barrellik yüklənmədən xeyli aşağıdır. Yəni ötən ay Azərbaycan öhdəliklərindən daha az həcmdə neft satışı həyata keçirib.

Bu azalmanın əsas səbəbi Azərbaycanın BTC ilə ixrac etdiyi neftin tərkibində üzvi xlorid (organic chloride) aşqarının normadan artıq miqdarda aşkar olunmasıdır.

İyulun 16-da Ceyhan limanında satışa çıxarılan Azərbaycan neft partiyalarında çirklənmə halları qeydə alınıb və bu barədə “BTC.Co” şirkətinin operatoru “BP” şirkəti məlumatlandırılıb.

Gedən ilk məlumatlarda İtaliyanın “Eni” şirkəti çirklənmiş neft partiyalarından müəyyən miqdarda alaraq onu neft emalı sisteminə daxil etdiyi göstərilirdi.

Daha sonra Rumıniya Energetika Nazirliyi fövqəladə vəziyyət elan edərək məsələ ilə bağlı Avropa Komissiyasına müraciət edib. Nazirliyin açıqlamasına görə, iyulun 16-18-də “Petrom SA” neft şirkəti Ceyhan limanından yüklənmiş 92 min ton Azərbaycan xam neftini qəbul edib. Təhlillər nəticəsində bu partiyanın üzvi xloridlərlə çirkləndiyi sübut olunub.

Bunun ardınca “Petrom” şirkəti əlavə 92 min tonluq başqa bir partiyanı yükləməkdən imtina edib. Beləliklə, emal zavodu üçün nəzərdə tutulan ümumilikdə 184 min ton xam neft tədarükdən çıxarılıb. Nəticədə, zavodda xam neft çatışmazlığını aradan qaldırmaq məqsədilə fövqəladə vəziyyət elan olunub. Çünki yalnız böhran səviyyəsində Avropa Komissiyasına -“DG Energy”yə rəsmi xəbərdarlıq göndərilərək strateji ehtiyatlardan istifadə etmək imkanı əldə edilə bilərdi. Nəticə olaraq, “Petrom” tərəfindən saxlanılan strateji ehtiyatlardan istifadə olunmasına icazə verilib. Bu, zavodun fasiləsiz fəaliyyətini və yerli yanacaq bazarında tədarük zəncirinin pozulmasının qarşısını alıb.

Digər tərəfdən, Avstriyanın neft şirkəti də Azərbaycandan alınan və xloridlə çirklənmiş nefti emal zavodlarına çatmamış müəyyən edib. Şirkət bildirib ki, vaxtında aşkarlanma nəticəsində zavodlarda nasazlığın qarşısı alınıb. Hazırda neft şirkləti yanacaq tədarükünün davamlılığını və təhlükəsizliyini təmin etmək məqsədilə alternativ neft mənbələri axtarır.

Son olaraq, iyulun 31-də Çexiyanın neft şirkəti də Azərbaycanın xloridlə çirklənmiş nefti ilə bağlı məlumat dərc edən növbəti Avropa ölkəsi oldu. Şirkət bildirib ki, 60 min kubmetr həcmində çirklənmiş xam neftdə üzvi maddələr zavoda daxil olmamışdan əvvəl aşkar edilib.

Çexiya neft şirkəti “Azəri Light” markalı Azərbaycan neftinin tədarükünə 2025-ci ilin aprel ayından başlayıb. Bundan əvvəl şirkət 2,7 milyon ton neft tələbatını “Drujba” boru kəməri vasitəsilə Rusiyadan qarşılayırdı. Lakin mart ayında sanksiyalar səbəbindən ödənişlə bağlı çətinliklər yarandığına görə tədarük dayandırılıb.

İddialara Azərbaycan susur, “təxribat”a dair ehtimallar isə artır

Avropa ölkələrində xammal böhranı dərin olmasa da, çirklənmiş neft şirkətlərə və emal zavodlarına ciddi ziyan vurub. Bu səbəbdən beynəlxalq bazarda BTC kəməri ilə Türkiyənin Ceyhan terminalından nəql olunan Azərbaycan nefti ilə bağlı fors-major vəziyyət elan olunub. Hətta iyulun 19-dan 23-dək heç bir daşınma həyata keçirilməyib. Yalnız iyulun 24-də “Searanger” adlı tanker neftin ilk partiyasını qəbul edib.

Dünya mediasında BTC kəməri ilə nəql olunan neftin tərkibində aşkarlanan artıq aşqarlarla bağlı geniş materiallar dərc olunsa da, Azərbaycan tərəfi hələ də bu məsələyə dair hər hansı açıqlama verməyib.

SOCAR-a ünvanlanan media sorğuları da cavabsız qalır.

“BP” şirkəti iyulun 23-də Ceyhan terminalındakı saxlama çənlərində aşındırıcı üzvi xlorid aşkarlandığını bildirib. Şirkət çirklənmə faktını təsdiqləyib və hazırda qiymətləndirmə aparıldığını qeyd edib.

Xarici media “BTC.Co” şirkətinə istinadən yazır ki, Ceyhandakı çənlərdə çirklənmiş xam neftin aşkarlanmasından sonra remediasiya ( yəni çirklənmənin təmizlənməsi və bərpası tədbirləri – red.) prosesi araşdırılıb və qısa müddətdə mümkün olmadığı müəyyən olunub. Təəssüf ki, “BTC.Co” şirkəti çirklənmiş neftin ümumi həcmi barədə statistik məlumat təqdim etmir.

Yaranmış böhranlı vəziyyət Azərbaycan nefti ilə bağlı bir sıra ehtimalların ortaya çıxmasına səbəb olub. Bu ehtimallardan biri də BTC kəmərindən tranzit məqsədilə istifadə edən Qazaxıstan, Rusiya və Türkmənistanın ixrac etdiyi neftin çirkli olması ilə bağlıdır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ildə Azərbaycana Rusiyadan 1,5 milyon ton, Türkmənistandan 161,4 min ton, Qazaxıstandan 34,6 min ton neft idxal olunub. 2025-ci illə bağlı məlumatlar göstərilmir.

Rəsmi qurumların nümayəndələrinin açıqlamalarına görə, Rusiya nefti, əsasən Heydər Əliyev adına Neft Emalı Zavodunun istehsal tələbatını qarşılamaq üçün alınır. BTC kəmərinə Səngəçal terminalından nəql olunan tranzit neft isə əsasən Qazaxıstan və Türkmənistandan idxal olunan neftdir.

Yeri gəlmişkən, G4media.ro məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən yazıb ki, Rumıniya hakimiyyət orqanları “OMV Petrom”un “Petrobrazi” neft emalı zavodu üçün nəzərdə tutulmuş Azərbaycan xam neftinin qəsdən çirklənməsində Rusiyanın potensial təxribatını araşdırır.

Beynəlxalq təcrübə nələr deyir: Azərbaycandan təzminat tələb olunacaqmı?

Azərbaycan neftinin ixracı ilə bağlı belə bir qalmaqal ilk dəfədir baş verir. Lakin beynəlxalq təcrübədə bu kimi hallar bir neçə dəfə yaşanıb. Ən ciddi analoji hadisə 2019-cu ildə Rusiyanın “Drujba” boru kəməri ilə Avropaya satdığı neftin çirklənməsi zamanı qeydə alınıb. Həmin vaxt Polşa, Ukrayna, Macarıstan, Slovakiya və Çexiyaya nəql olunan rus neftində də üzvi xlorid aşkar edilib.

Bunun nəticəsində Avropa ölkələri Rusiyadan neft alışını 10 faiz azaltmağa məcbur olub. Nəticədə tədarük zəncirində yaranan ciddi böhran neftin qiymətinin kəskin artımına səbəb olub. Avropanın sözügedən neft emalı zavodlarına dəyən zərərin ümumi həcmi 2,7 milyard dollar dəyərləndirilib. 

Həmin dövrdə Polşanın PKN Orlen, Belarusun Belneftekhim və Almaniyanın bir sıra şirkətləri təmir xərcləri və məhsul itkisinə görə Rusiyanın “Transneft” şirkətindən təzminat tələb ediblər. Məsələ beynəlxalq məhkəmə səviyyəsinə çatmasa da, “Transneft” təzminatı ödəməyə razı olub.

O vaxt Rusiya mediasında bu hadisənin “sabotaj” və “təxribat” ehtimalları üzərində geniş müzakirə aparılmışdı. Lakin aparılan araşdırmaların nəticələri ictimaiyyətə açıqlanmamış qaldı.

Üzvi xlorid neftə belə əlavə olunur

Neft üzrə geoloqların sözlərinə görə, üzvi xlorid neftin kimyəvi tərkibində olmur. O, nəql prosesində axının qatılaşmasının qarşısını almaq və ötürülməni sürətləndirmək məqsədilə müəyyən norma daxilində aşqar kimi əlavə olunur.

Mütəxəssis bildirir ki, istehsal zamanı üzvi xloridin normadan artıq qatılması asan baş verən bir hal deyil. Çünki aşqarların miqdarı və standartlarına ciddi nəzarət olunur. Onun sözlərinə görə, əgər normadan artıq qatılma halı baş veribsə, bu, hasilat prosesindən cavabdeh şəxslərin məsuliyyətsizliyi ilə əlaqəlidir və məsələ ciddi şəkildə araşdırılmalıdır.

Geoloq həmçinin istisna etmir ki, çirklənmə tranzit neftin tərkibində də daxil olmuş ola bilər.

Üzvi xlorid boru kəmərlərinin divarlarında korroziya yaradır, onun qırıntıları neft emalı zavodlarının avadanlıqlarına təhlük yaradır. Mütəxəssis qeyd edir ki, tranzit neftin kimyəvi tərkibi də idxal olunan ölkələrdə yoxlanılır və normadan kənar hal aşkarlanarsa,  xəbərdarlıq olunur.

Nəticə etibarilə üzvi xlorid Azərbaycan neftinə ya bilərəkdən (təxribat məqsədilə), ya  məsuliyyətsizlik səbəbilə normadan artıq qatılıb, ya da tranzit neft vasitəsilə daxil olub.

Ekspertlər bu halın təxribat xarakterli ola biləcəyini də istisna etmir. Neftin qiymətinin süni şəkildə ucuzlaşdırılması və şirkətlərin maliyyə itkilərinə məruz qalması məqsədilə belə “sabotaj” hallarının olmasını istisna etmirlər. O zaman bu təxribatın hansı tərəfdən gəldiyi sual yaradır.

S&P Global Commodity Insights-ın məlumatına əsasən, “Azəri Light” markalı Azərbaycan nefti iyul ayında real dəyərindən aşağı qiymətə satılıb. Alıcılar risk faktorundan istifadə edərək neftin qiymətini aşağı salıblar. Nəticədə, bu markalı neftin qiyməti “Dated Brent” etalonuna nisbətən son 3 ilin ən aşağı səviyyəsinə enib. Eyni zamanda, daşınma şirkətlərinin təklif etdiyi qiymətlər BTC-nin nəqliyyat və qeyri-nəqliyyat xidmətlərinə də təsir göstərib.

Hazırda nə Azərbaycanın, nə də zərər çəkmiş beynəlxalq şirkətlərin itkiləri, habelə çirklənmiş neftin nə qədərinin depolarda saxlanıldığı və satışa çıxarılıb-çıxarılmadığı barədə dəqiq statistik məlumat açıqlanıb. Mütəxəssislərin fikrincə, çirklənmiş ehtiyatlarda üzvi xloridin konsentrasiyasını azaltmaq üçün təmiz xam neft əlavə edilərək qarışdırılmalı və seyrəldilməlidir. Bu isə uzun bir prosesdir.

“BP”nin “Reuters”ə verdiyi açıqlamada qeyd olunur ki, Türkiyədəki BTC Ceyhan terminalına gələn xam neftin tərkibindəki üzvi xlorid səviyyəsi artıq normal həddə qayıtmaqdadır. Lakin bəzi ehtiyatlarda hələ də çirklənmiş neftin mövcudluğu qeyd olunur.

İqtisadçıların fikrincə, zərər çəkən şirkətlərin “BTC.Co”ya qarşı təzminat tələbləri irəli sürməsi ehtimalı yüksəkdir. Bu tələblər yalnız araşdırmalar başa çatdıqdan və zərərin miqyası rəsmi olaraq müəyyənləşdirildikdən sonra gündəmə gələ bilər.

“BTC Co.”nun səhmdarları BP-30,1%, AzBTC-25%, MOL-8,9%, Equinor -8,71%, TPAO- 6,53%, Eni – 5%, Total -5%, Itochu -3,4%, Inpex- 2,5%, ExxonMobil- 2,5%, ONGC (BTC) Limited – 2,36% təşkil edir.

Editor

Related Posts