Cari ildə Tarif Şurası “Azəristiliktəchizat” ASC-nin istilik xidmətlərində qiymət artımı ilə bağlı iki dəfə qərar qəbul etməli oldu. İstilik tariflərinin artımı ilə bağlı qərarlardan biri yanvardan tətbiq olundu. Həmin qərara görə, ilin əvvəlində ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi ƏDV daxil olmaqla sayğaclı istifadəçilər üçün 1 Qkal üzrə 8 manatdan 14,60 manata, sayğac olmayan mənzillərdə isə aylıq 1 m2 üçün 15 qəpikdən 30 qəpiyə qaldırılıb.
Şuranın ikinci qərarı isə iyulun 30-da qəbul edilib. Həmin qərara əsasən, istilik xidmətinin tarifi sayğacı olan istehlakçılar üçün 1 Qkal üzrə daha 44 faiz artaraq 21 manata, sayğac olmayan mənzillərdə isə aylıq 1 m2 üzrə 50 faiz artaraq 45 qəpiyə yüksəlib. İkinci qərar dağ rayonlarında noyabrın 1-dən, digər ərazilərdə isə noyabrın 15-dən tətbiq ediləcək.
Beləliklə, cari ildə əhali qrupuna göstərilən istilik xidmətinin tarifləri sayğacsız istifadəçilər üçün 3 dəfə, sayğaclı istifadəçilər üçün isə 2,5 dəfə artıb.
Bir il ərzində istilik xidmətlərinin belə yüksək bahalaşması sosial mediada geniş müzakirələrə səbəb olub. Müzakirələr əsasən əhalinin gəlirlərinin artım tempinin kommunal xərclərin yüksəlməsi ilə adekvat olmaması ətrafında aparılır. Hətta bəzi sosial media istifadəçiləri mərkəzləşdirilmiş istilik sistemi ilə fərdi kombi xərclərinin 1 m2 üçün getdikcə yaxınlaşması fikirlərini irəli sürürlər.
Lakin bahalaşma müqabilində mərkəzləşdirilmiş istilik sistemində xidmətin keyfiyyətinin yaxşılaşmaması da narazılıqlar sırasındadır. Ekspertlər bildirir ki, istilik sistemi əsasən sovet dövründə tikilmiş binalarda olduğu üçün infrastruktur yenilənməyib. Bu səbəbdən istilik itkiləri çox olur və xidmətin keyfiyyəti aşağı düşür.
Rəsmi qurumlar qiymət artımını ASC üzrə 1 m2 sahəyə istilik təchizatı xidmətinin maya dəyərinin 1,10 manata başa gəlməsi ilə izah edirlər. Aradakı qiymət fərqi dövlət büdcəsindən ayrılan subsidiyalar hesabına qarşılanır. Rəsmi açıqlamalara görə, bu sahədə yumşaq tarif siyasəti həyata keçirilməklə optimal tarif müəyyən edilib. Tarif tənzimləməsinin dövlət büdcəsindən asılılığı azaltması, istilik təchizatının əhatə dairəsini genişləndirməsi və xidmətin keyfiyyətini yüksəltməsi hədəflənir.
Lakin ekspertlər hesab edirlər ki, xidmət haqlarının artırılması keyfiyyətə ciddi təsir göstərməyəcək. Onların fikrincə, “Azəristiliktəchizat” ödənişlərin toplanmasında ciddi problemlər yaşayır, istilik itkiləri yüksəkdir və nəticədə ASC böyük zərərlə fəaliyyət göstərir.
Səhmdar Cəmiyyətin 2023-cü il maliyyə hesabatına görə, 2022-ci illə müqayisədə yığılmış zərər 9 faiz artaraq 118,21 milyon manata çatıb. Bu səbəbdən ASC-nin “Azəriqaz” İB-yə qaz borcu ilə bağlı vaxtaşırı problemləri yaranır.
«Azəristiliktəchizat” 2005-ci ildə yaradılarkən yalnız Bakı şəhərində infrastrukturun qurulması üçün 110 milyon manatdan çox dövlət investisiyası ayrılıb. Qısa müddətdə Bakının sovet dövründə inşa olunan 1000-ə yaxın binasında istilik sistemi bərpa olunub. Digər iri şəhər və rayonlarda isə əsasən təhsil müəssisələri və xəstəxanalara istilik verilib.
2016-cı ildə “Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Sənəddə innovativ infrastrukturun qurulması və idarəsi üçün konkret hədəflər müəyyən olunub. Bu hədəflərə əsasən, 2025-ci ilədək mövcud rayon istilik qazanxanalarından təmin edilən səmərəsiz mərkəzləşdirilmiş istilik təchizatı sistemləri tədricən ləğv edilməli, onların yerinə yeni texnologiyalara (bərpa olunan enerji texnologiyaları, istilik nasosları və s.) əsaslanan müasir tipli məhəlli istilik sistemləri tətbiq olunmalı idi.
İsitmə məqsədləri üçün alternativ və bərpa olunan enerji növlərindən, əsasən günəş, külək, geotermal və biokütlə enerjisindən istifadənin potensialı qiymətləndirilməli və geniş tətbiqi təmin edilməli idi. Bundan əlavə, respublikanın inzibati ərazi bölgüsü, iqlim və relyefi nəzərə alınmaqla istilik tələbatı qiymətləndirilməliydi.
Hədəfə görə, istilik təchizatının əhatə dairəsi genişləndirilməli, istiliklə təmin olunan yaşayış binalarının sayı 50,4 faiz artaraq 5689 binaya çatdırılmalı idi. Bu binalar ümumi istiliklə təmin olunacaq binaların 87 faizini təşkil etməliydi.
Bu prioritet üzrə nəzərdə tutulan layihələrin icrası üçün 190 milyon manat həcmində investisiya qoyuluşunun tələb olunacağı proqnozlaşdırılırdı.
Reallıqda nələr baş verdi?
“Azəristiliktəchizat” ASC-nin 2025-ci il üzrə məlumatına əsasən, əhali istehlakçıları üzrə 3871 bina, qeyri-əhali istehlakçıları üzrə isə 3152 bina istilik alır. Bunun 3288-i paytaxt Bakının payına düşür. Yəni Səhmdar Cəmiyyətin əsas xidməti və gəliri ötən 20 il ərzində əsasən paytaxt üzərinə formalaşıb. Digər iri şəhər və rayonlarda mərkəzləşdirilmiş istilik sisteminə qoşulan binaların sayı isə cəmi 583-dür.
2016-cı ildə kommunal xidmətlərin inkişafına dair Yol Xəritəsi qəbul edilərkən 3700 yaşayış binasına xidmət göstərilirdi. Hərçənd 2025-ci ildə istiliklə təmin olunan binaların sayının 87 faizə çatdırılması nəzərdə tutulmuşdu, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə ev təsərrüfatlarının yalnız 13,8 faizi mərkəzləşdirilmiş istilik sistemi ilə təmin olunub.
Əhalinin 49 faizi mənzillərini fərdi istilik (kombi) sistemi ilə, 40 faizi soba və ya buxarı ilə, 19,1 faizi isə məişət kondisionerləri və ya səyyar elektrik cihazları ilə isidirlər.
Ötən müddət ərzində mərkəzləşdirilmiş istilik sisteminə qoşulan ev təsərrüfatlarının sayı cüzi artsa da, ümumi təsərrüfatlarda payı azalıb. Belə ki, 2022-ci ildə mərkəzləşdirilmiş istilik sisteminə qoşulan ev təsərrüfatlarının payı 20,4 faiz, 2023-cü ildə isə 14,5 faiz olub.
Azalmanın başlıca səbəbi yeni tikililərin istilik sisteminə qoşulmamasıdır. Bu binalar istilik xidmətindən kənarda qalır. Beləliklə, Strateji Yol Xəritəsində nəzərdə tutulmuş hədəflər özünü doğrultmayıb. Bu istiqamətdə nəinki yeni texnoloji sistemə keçid edilməyib, hətta isti su verilişinin keyfiyyətində belə dəyişiklik olmayıb. Belə görünür, qarşıya qoyulan hədəf yalnız istilik haqlarının artırılması olub.
Ötən dövr ərzində bu istiqamətdə itkilər də kifayət qədər yüksəlib. Məsələn, 2017-ci ildə istilik enerjisi itkisi 210 min Qkal/saatda olubsa, 2025-ci ildə bu itkilər 227,5 min Qkal/saat təşkil edib. Beləliklə, Dövlət proqramının icra olunduğu bir dövrdə istilik enerjisi üzrə itkilər 8 faizə yüksəlib.
Eyni zamanda, qazanxanalar hələ də qaz və maye yanacaqla işləyir. Bərpa olunan enerji mənbələrindən istifadə edilərək istilik sistemlərinin yaradılması ilə bağlı planlar isə yerinə yetirilməyib.
Zərər böyüyür, subsidiyalar artır, əhalinin xərcləri isə çoxalır
Yuxarıda qeyd etdiyimiz kimi, “Azəristiliktəchizat” zərərlə işləyir və hər il bu zərər böyüyür. Bununla yanaşı, dövlət büdcəsindən ayrılan subsidiyaların həcmi də ildən-ilə artır. Əgər 2021-ci ilə qədər subsidiyalar 17-18 milyon manat təşkil edirdisə, növbəti illərdə bir neçə dəfə artıb. Belə ki, 2022-ci ildə 41 milyon manat, 2023-cü ildə isə ASC-yə 36,5 milyon manat subsidiya ayrılıb.
Qurumun maliyyə hesabatlarından aydın olur ki, satışdan əldə olunan vəsait xərclərin yalnız 26 faizini ödəyə bilir. Məsələn, 2023-cü il üzrə hesabatda satışların maya dəyəri 56,7 milyon manat göstərilib. İstilik enerjisinin satışından əldə olunan gəlir isə 14,7 milyon manat olub. Bunun cəmi 40-41 faizi əhali qrupundan olan istehlakçılardan formalaşıb.
“Azəristiliktəchizat”ın qeyri-əhali qrupundakı əsas müştəriləri xəstəxana, məktəb, dövlət qurumlarının binaları, uşaq bağçalarıdır. Bu alıcıların istilik haqqı isə dövlət büdcəsi hesabına ödənilir. Beləliklə, yığılan xidmət haqlarının dolayı olaraq 50 faizdən çoxu yenə də dövlət büdcəsi hesabına ödənilir.
ASC infrastrukturun yenilənməsi üçün dövlət büdcəsindən böyük investisiyalar alır. Maraqlıdır ki, maliyyə sənədlərinə əsasən, 2023-cü ildə dövlət həm 36,5 milyon manat subsidiya, həm də 2,6 milyon manat kapital qoyuluşu edib, amma şirkət yenə də 9,79 milyon manat xalis zərərlə ili bağlayıb.
Beləliklə, qeyri-peşəkar idarəetmə nəticəsində, dövlət büdcəsindən asılı olan səhmdar cəmiyyət vəziyyətdən çıxış yolu kimi qiymətlərin kəskin artımı ilə zərərini kompensasiya etməyə çalışır. Lakin infrastrukturun yenilənməsi və itkilərin qarşısının alınması istiqamətində əhəmiyyətli addımlar görünmür. Əgər qarşıya qoyulan əvvəlki hədəflərin necə icra olunmasından çıxış etsək, bahalaşmanın dövlət büdcəsindən asılılığı azaldacağı və xidmətin keyfiyyətini artıracağına dair iddialar da inandırıcı görünmür. Bunun üçün öncə itkilərin qarşısının alınması üçün əhəmiyyətli addımlar atılmalıdır.
Nəticə etibari ilə vətəndaşlar fərdi qızdırıcı vasitələrdən istifadə etməyə üstünlük verəcək. Bu isə soyuq aylarda təbii qaz limiti problemi ilə üzləşən vətəndaşların kommunal xərclərinin qeyri-şəffaf idarəetmə nəticəsində artmasına səbəb olacaq.