Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Naxçıvan xanlığının bayraqları” mövzusunda tədbir keçirilib

Dövlət Bayrağı Muzeyində “Naxçıvan xanlığının bayraqları” mövzusunda tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Nihad Tarverdiyev bildirib ki, Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edən Naxçıvan xanlığı olduqca gərgin bir dövrdə yaranıb. Bu dövlət qurumu Azərbaycanda inzibati idarəçiliyin formalaşmasına töhfəsini verib, xalqımıza məxsus tarixi ərazini və milli mədəniyyəti qorumaqla Azərbaycan Atabəylər dövlətinin davamı, Araz-Türk Respublikasının sələfi olub.

Vurğulanıb ki, son illər Azərbaycan xanlıqları içərisində nisbətən daha çox tədqiq olunan Naxçıvan xanlığına dair yeni kitabların, orijinal tədqiqat materiallarının meydana çıxması ümumiyyətlə, milli dövlətçilik baxımından da mühüm əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Azərbaycanın bu qədim və zəngin diyarının hərtərəfli şəkildə öyrənilməsi istiqamətində imzaladığı sərəncamlar, burada yaradılan şərait çoxəsrlik Naxçıvan tarixinin ayrı-ayrı dövrlərinin, qüdrətli şəxsiyyətlərin, həm də xanlıqlar dövrünün elmi əsaslarla tədqiq edilməsinə zəmin yaradır. Bütün bu əhəmiyyətli işlərlə yanaşı, son illərdə Naxçıvan xanlığının dövlət bayrağının müəyyən edilməsi və üzə çıxarılması sahəsində də axtarışların aparılması zərurəti meydana çıxarıb.

Tədbirdə AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi Nilufər Ağayeva qeyd edib ki, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov ciddi elmi axtarışlardan sonra ilk dəfə olaraq Naxçıvan xanlığına aid iki bayraq müəyyən edib və üzə çıxarıb. Bu bayraqlar Naxçıvan xanlığının tarixini öyrənmək, xanlığın hərbi-siyasi hədəflərini, ideologiyasını müəyyən etmək baxımından əhəmiyyətlidir. Bütövlükdə isə yeni tapılan bayraqlar Azərbaycanda milli dövlətçilik ənənələrinin öyrənilməsi üçün də zəngin mənbədir.

Sonda Dövlət Bayrağı Muzeyinin baş fond mühafizi Asudə Məhərrəmlinin çıxışı dinlənilib və muzey ekspozisiyasına baxış olub.

admin

Related Posts