Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

NAXÇIVAN: 30 illik yubileyə 30 min yaşıl töhfə

Naxçıvan bozlaşmışdı

O vaxtlar kəndlərdən, rayon mərkəzindən Naxçıvan şəhərinə gələrkən yol kənarında sıralanan torpaqdan azca boylanan ağac gövdələri adamın ürəyinə neştər sancırdı. Onların yuxarı hissəsi blokadanın qurbanı olmuşdu. Bu mənzərələr qarşısında düşüncələrə dalır və düşünürdüm ki, bu ağacların, təbiətin günahı nədir? Nə üçün onlar da blokadaya məruz qalmalı, bizlərin yaşamaq haqqına çevrilməli idilər? Bizim həyatda qalmağımız üçün onlar məhv olmalı idilər? Naxçıvanın həmin illərini çox tez-tez xatırlamamaq olmur. Axı onlar gözlərimiz önündə olub.

30 il əvvəl bu diyarda iməcilik keçirməklə ağac əkmənin təməli bu partiyanı yaradan, ona rəhbərlik edən ulu öndərimiz tərəfindən qoyulmuşdu. Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə Naxçıvanda 30 min ağac və gül kolunun əkilməsinin rəmzi mənası da ölkəmizin inkişafında, müstəqilliyində, torpaqlarımızın işğaldan azad edilməsində müstəsna rolu olan partiyaya, onun liderinə hörmət və sayğı idi.

Ağacəkmə Naxçıvanda artıq bir ənənə şəklini alıb. Sanki illər öncə kəsilən ağacların haqqı hər il bir daha ödənilməkdədir. Bir kəsilən ağacın yerinə min ağac əkilsə də, yenə də azmış kimi həmin illərin acısını unutması üçün təbiətə qayğıdır ki, göstərilir.

Naxçıvan bu gün onsuz da yaşıllıqlar diyarına çevrilib. O, bozlaşmış görüntülərdən əsər-əlamət qalmayıb. İndi Naxçıvanda park, xiyabanlarda gəzəndə, yol ilə ötəndə əlini uzadıb ağaclardan meyvə dərə bilirsən. Bütün şəhər, rayon və kəndlər bar üstündə olan ağaclarla əhatələnib.

Elə Naxçıvanda təbiətə qayğının bir nümunəsi də təbii resurslardan istifadə etməklə elektrik enerjisi istehsal etməkdir. Çünki bu, bir tərəfdən hələ də blokadada olan Naxçıvanın elektrik enerjisinə olan tələbatının ödənilməsidirsə, digər tərəfdən bu növ enerjinin təbiətə heç bir ziyan vurmamasıdır. Prezident İlham Əliyevin də dediyi kimi: “Yollarla, elektrik təchizatı, qazlaşdırma ilə bağlı – bütün istiqamətlər üzrə muxtar respublikada görülən işlər məni çox sevindirir. Təkcə onu demək kifayətdir ki, qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”.

Və dövlətimizin başçısının şanlı qələbəmizdən sonra Naxçıvana səfəri zamanı bölgənin sürətlə inkişaf etdiyini və bütün sahələr üzrə işlərin müsbət istiqamətdə getdiyini vurğulayaraq söylədiyi və Naxçıvanın ümumi mənzərəsini əks etdirən dəyərli fikirləri: “Sənaye potensialı inkişaf edir, artır. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmendir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb”.

Bəli, bu gün Naxçıvan ümummilli liderimizin başladığı uğurlu siyasətin dövlətimiz tərəfindən uğurla davam etdirilməsinin təntənəsi, çox yaxında anası Azərbaycana qovuşacağı reallaşacaq bir diyardır. Azərbaycanın qədim, tarixi diyarı…

admin

Related Posts