Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Müəllimlər İnstitutunda Əhməd Cavadın yubiley tədbiri keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda xalqımızın milli istiqlal mübarizəsinə böyük töhfələr verən, Azərbaycan Respublikası Dövlət Himninin müəllifi Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbir şairin şah əsəri olan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

İnstitutunun rektoru Azad Novruzov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əhməd Cavadın 130 illiyi muxtar respublikada da geniş qeyd edilir. Görkəmli ziyalının milli istiqlal ideyaları, Azərbaycanın müstəqilliyi sahəsindəki fəaliyyətinin gənclər arasında təbliğini gücləndirməyin vacibliyini vurğulayan rektor Azərbaycan ədəbiyyatı və ictimai-siyasi tarixində mühüm rol oynayan istiqlal şairimizin həyatı və çoxşaxəli fəaliyyəti barədə məlumat verib.

Filologiya üzrə elmlər doktoru, professor Yusif Səfərov, filologiya üzrə fəlsəfə doktoru, dosent Fəxriyyə Cəfərova və digər çıxış edənlər şairin yaşadığı dövrdə mövcud olmuş ictimai-siyasi mühit, istiqlal şairimizin həmin mürəkkəb dövrdə siyasi və ədəbi fəaliyyətindən, onun türkçülük ideyalarından və bu ideyaların yorulmaz təbliğatçısı kimi xidmətlərindən bəhs ediblər.

Çıxışlardan sonra tədbir bədii hisə ilə davam edib.

Tələbələr Əhməd Cavadın vətənpərvərlik ruhunda qələmə aldığı şeirləri bədii qiraət edib, şairin keşməkeşli həyatından, zəngin yaradıcılığından və onun həyat yoldaşı Şükriyyə xanımın mətanətindən bəhs edən səhnəcik nümayiş etdiriblər.

admin

Related Posts