Azərbaycanda cinayətlərin sayı sürətlə artır

Azərbaycanda cinayətlərin sayı sürətlə artır

Azərbaycanda cinayətlərin sayının artmasını iddia etmək üçün statistikaya da ehtiyac yoxdur. Hər gün mediada çıxan xəbərlərə nəzər yetirmək kifayətdir. Hiss olunur ki, həm ağır, həm də narkotik cinayətlərinin sayı çox artıb. Elə rəqəmlərə göz yetirəndə də müşahidənin doğruluğunu görmək mümkündür.

2022-ci ildə Azərbaycanda 36 min 494 cinayət qeydə alınıb. Daxili İşlər Nazirliyinin kollegiya iclasında bu rəqəmlər açıqlanıb. Məlum olur ki, son bir il ərzində cinayətlərin sayı 20 faiz artıb. 2018-2020-ci illərlə müqayisədə isə təxminən 40 faiz artımdan söhbət gedə bilər.

Keçən il qeydə alınan hər altı cinayətdən biri ağır xarakterli olub. Məsələn, 2011-ci ildə belə cinayətlərin payı 11 faizi keçmirdi.

Narkotik cinayətləri ilə bağlı rəqəmlər ciddi narahatlıq doğurur. Keçən il 3 ton 418 kiloqram narkotik maddə dövriyyədən çıxarılıb. Bu istiqamətdə rəqəmlər kasaddır. Müşahidələr onu göstərir ki, narkomaniyadan əziyyət çəkənlərin sayı faciəvi həddə çatıb. Buna əmin olmaq üçün sosial medianı diqqətlə izləmək kifayətdir. Amma iş orasındadır ki, narkomaniya diaqnozu qoyulanların sayı gerçək mənzərəni göstərmir. Yəni narkotik istifadəçilərinin heç də hamısı qeydiyyata alınmayıb.

Azərbaycanda sinayətlərin sayı sürətlə artır. Bu isə yaxşı heç nə vəd etmir. Xüsusilə narkomaniya cəmiyyətə ağır zərbə vurur. Səbəblər barədə çox danışmaq olar. Amma hətta bu sahədən uzaq adamlar da qeyd edə bilər ki, işsizliyin səviyyəsinin yüksək olması özünü göstərir. Xüsusilə gənclər üçün özünü ifadə etməyə münbit şərait yoxdur. Sosial qayğıların çoxluğu, insanların bəsit problemlərin öhdəsindən gələ bilməməsi cinayət mühitini gücləndirir. Hər şeydən əvvəl sağlam cəmiyyət formalaşmalıdır. İnsanlar öz gələcəyindən narahat yaşamamalıdır. Cəmiyyətin depressiv ovqatı cinayətlərin yalnız arta biləcəyinə eyham vurur. Vəziyyətin yaxşılığıa doğru dəyişməsi üçün ciddi tədbirlər planına ehtiyac var.

Editor

Related Posts