Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Fevralın 1-i xalq təqvimi ilə kiçik çillə başlayır

Türk xalqlarında mövcud olan qədim mifoloji düşüncəyə görə, qış xalqın təqvimində dövrlərə – çillələrə bölünür.

Dekabr ayının 20-də daxil olan Böyük çillə yanvar ayının 31-i gecəsi öz yerini Kiçik çilləyə verir. Fevral ayının 1-dən etibarən Kiçik çillə öz hökmünü göstərməyə başlayır. Qışın ikinci mərhələsi sayılan bu dövrdə hava, adətən, Böyük çillə ilə müqayisədə çox soyuq keçir. Xalqın yaddaşında bəzən iki qardaş, bəzən də iki bacı kimi təsvir edilən Böyük və Kiçik çillələr bir-birinə qarşı qoyulur. Böyük çillə nə qədər yumşaq təbiətli obrazlaşdırılırsa, Kiçik çillə onun əksinə olaraq öz təbiəti etibarilə sərt, ərköyün obraz kimi xarakterizə edilir.

Kiçik çillənin ilk onuncu günü Xıdır Nəbi mərasimi keçirilir.

Naxçıvan ərazisinin bir sıra kəndlərində və Naxçıvan şəhərində fevral ayında, yəni “qışın oğlan çağında”, “Kiçik çillə tüğyan edən” vaxt “Xıdır Nəbi” çox təntənə ilə Xızır Peyğəmbərin şərəfinə qeyd edilir. Xalq yaddaşında mövcud olan inanca görə, Xıdır Nəbidən üç gün əvvəl, üç gün də sonra yel əsər. “Xıdır yeli” adlanan bu yel çox güclü olar, hər tərəf toz-torpağa bürünər. Xalq söyləmələrinə görə, bu toz-torpaq Xıdırın əfsanəvi atını çapmasından qopan tozdur. Xıdır öz gəlişini belə göstərər. Üç gün sonra əsən yel isə Xıdırın getdiyini bildirər. Aləmə bolluq, bərəkət, istilik, yaşıllıq bəxş edən Xıdır özü yaşıl geyimli, atı isə boz rəngdədir.

Naxçıvan sakinləri xalqımızın zəngin adət-ənənələrinə, milli dəyərlərinə hər zaman həssaslıqla yanaşdığı kimi, xeyirxahlıq, ruzi-bərəkət, əmin-amanlıq diləkli Kiçik çillə və Xıdır Nəbi mərasimini də əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ötürərək qoruyub yaşadırlar.

admin

Related Posts