Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ermənistan yenə “hücüm”a keçdi – Azərbaycana qarşı təhlükəli gediş

Ermənistan yenə “hücüm”a keçdi – Azərbaycana qarşı təhlükəli gediş

Son 3 gün ərzində Ukraynanın Rusiya ilə savaşda uğurlu əməliyyatlar icra etməsi, müxtəlif cəbhələrdə həlledici üstülnlüklər qazanması müharibənin taleyini böyük mənada həll etməyə doğru gedir. Ən önəmli məsələ isə Ukraynanın son hücumlarının nəticəsinin özünü təkcə müharibə meydanında yox, həm də diplomatiya müstəvisində də həlledici punkta çevirməkdədir. Bu savaşın təkcə Şərqi Avropadakı geosiyasi proseslərə, coğrafi dəyişikliklərə, yeni xəritələrin çizilməsinə təsir etməyəcəyi isə öncədən bəlli idi.

Rusiyanın Avropanı qazsız qoyaraq sanksiyalara cavab vermək planı isı bel görünür ki, Ukraynaya olan hərbi və digər yardımların qarşısını kəsəcək kimi görünmür. Əksinə Qərb Ukraynaya silah daşıması üçün bütün qapılarınını açdı kimi görünür. Çünki qarşıdan sərt qışın gəldiyini nəzərə alan Qərb, ABŞ bu döyüşləri Putinin Avropanı “qazla boğmaq” və güzəştlərə nail olmaq istəyinə qarşı bəlkə də son şanslar hesab edirlər. Odur ki, var qüvvələri ilə bundan sonra da Ukraynanı önəmli silahlara təchiz edəcəkləri istisna edilmir.

Rusiya isə hansı situasiyanın içərisində olduğunu çox yaxşı bilir. Getdikcə taqətdən düşən və texniki, hərbi imkanları zəifləyən bir Rusiyanı müşahidə edirik. Baxmayaraq ki, Rusiya ordusunun Balakleya və İzyumdan çıxmağını “əməliyyatın bir parçası” adlandırdı ki, bu da bizə Vətən müharibəsi zamanı ermənilərin məşhur “taktiki geriçəkilmə”sini xatırlada bilər.

Aydın məsələdir ki, Kreml Ukraynanın bir neçə həftəyə təslim olacağını düşünürdü. Amma görürük ki, Ukraynanın müdafiəsi nəinki yarılmadı, hətta əksinə müharibədə böyük təcrübə toplayan və döyüşlərə rezerv qüvvələr cəlb edən Ukrayna ordusu müxtəlif istiqamətlərdə uğurlu əks-hücumlar təşkil etməkdə davam edir. Rusiyanın indi müharibəni saxlamaq istəyinin olduğuna şübhəm yoxdur. Lakin Vladimir Putinin müharibəni bitirməsi üçün Ukrayna tükənməli və təslim olmalıdır.

Hadisələrin gedişatı isə göstərir ki, bu baş verməyəcək. Hər gün qazanılan yeni qələbələr, azad edilən şəhərlər, qəsəbələr Ukraynanın döyüş ruhunu, sona qədər savaşmaq əzmini bir az da artırır. Biz bunu elə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun son açıqlamasından da aydın sezə bilərik: “Rusiya artıq Krımı, Donetski və Luqanskı təhvil verməyə hazır olduğunu bəyan etsə belə, bu, bizi qane etmir. Rusiya kapitulyasiya aktını (təslim sənədini) imzalamalıdır”.

Təbii ki, Ukraynanın birdən-birə bu cür üstünlük qazanması ən azı Rusiyadakı qədər Ermənistanda da narahatlıqla qarşılanmaqdadır. Ona görə yox ki, Ermənistan Rusiyanın mövqeyini dəstəkləyir, bu savaşdan onun qalib ayrılmasını istəyir, sırf onun üçün ki, erməniləri burada Ermənistanın maraqları, atdıqları addımlar və buna görə daşımalı olduqları məsuliyyət narahat edir.

Nəzər salsaq görərik ki, avqustun 31-də 4-cü Brüssel görüşündən sonra istər Ermənistan-Azərbaycan dövlət sərhəddi istiqamətində olsun, istərsə də sülhməramlıların müvəqqəti nəzarət zonasındakı qeyri-qanuni erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz, mülki insanların iş subyektləri və yaşayış məntəqələri artıq daha tez-tez atəşə məruz qalır, təxribatlar törədilir. Ermənistan tərəfi bu azğınlaşmış hərəkətlərini pərdələmək üçünsə utanmaz-utanmaz “Türkiyə və Azərbaycan orduları birlikdə hücuma keçəcək” başlığı adı altında məlumatları tirajlamaqla dünya ictimaiyyətindən törətdikləri təxribatlara cavab olaraq Azərbaycandan növbəti “Qisas” əməliyyatı icra olunacağı halda dəstək əldə etməyə çalışır.

Ermənistanın dərdinin nə olduğunu bu ölkənin xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyanın “Biz hamımız bilirik ki, Azərbaycan növbəti sərhəd təxribatı hazırlayanda, ondan əvvəl ona informasiya xarakterli legitimlik verməyə çalışır. Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olan bütün beynəlxalq aktorlar vəziyyəti diqqətlə izləməlidirlər. Vaxtında və məqsədyönlü cavab bu təxribatın qarşısını ala bilər” açıqlamasından bir daha aydın şəkildə anlamaq mümkündür.

Bununla da rəsmi İrəvan “qara məni basınca, mən qaranı basım” deyiminə əsaslanaraq Azərbaycana qarşı informasiya savaşında bir az çevik davranmaq niyyətindədir. Bununla da Ermənistan tərəfi törətdikləri təxribatlara cavab verəcək Azərbaycanın istənilən lokal, yaxud total əməliyyatını dünya ictimaiyyətinə “gördünüz, sizə deyirdik axı Azərbaycan bizə qarşı yeni savaş planı qurub. Onların qarşısını almasanız bizi qıracaqlar” kimi əsassız iddialarla həyasızcasına bəyanatlar verərək dünya güclərinin diqqətini bölgəyə yönəltməyi, ən əsas da Azərbaycana müdaxiləyə cəlb etməyi planlaşdırır.

Biz eyni tip bəyanatı Ermənistan parlamentinin deputatı Andranik Tevanyan tərəfində öz Facebook səhifəsində də şahid ola bilərik. “Ukraynadakı hərbi hərəkətlər birbaşa Ermənistan və Qarabağa təsir edəcək. Türkiyə və Azərbaycan orduları birlikdə hücuma keçəcək. Azərbaycan və Türkiyə Ukrayna hadisələrini diqqətlə izləyir və hazırlaşır. Məhz hücuma hazırlaşırlar. Hansı istiqamətə deməyə ehtiyac varmı?…”, – deyə qeyd edən erməni siyasətçi bununla vəziyyəti gərginləşdirməyə, sülh danışıqlarına ciddi mane yaradacaq manipulyasiyalara yol açmaq niyyətlərini gizlədə bilmir. Bu cür dezinformasiyalarla Azərbaycana qarşı hücuma keçən ermənilər eyni zamanda Azərbaycanı Rusiyanın ən əsas müttəfiqlərindən biri kimi Moskvanın Ukrayna siyasətinin eynisi olaraq Bakını Ermənistana qarşı güya “təcavüz” planında sanksiyalarla üz-üzə qoymaq istəyir.

Amma son hadisələr də göstərdi ki, Ermənistan tərəfinin bu iddiasında reallığı əks etdirən bir məqam belə olsaydı, yəni Azərbaycan regionda yeni müharibə istəsəydi sülh müqaviləsinin imzalanması, ölkələrin qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanıması istiqamətində bu qədər canfəşanlıq göstərməzdi.

Bunu Azərbaycan 31 avqustda Avropa İttifaqının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Əliyev və Paşinyan arasındakı görüşdən sonra daha aydın şəkildə həm Ermənistana, həm Avropa İttifaqına, həm də İrəvana havadarlıq edən dövlətlərə növbəti dəfə isbat etdi: Azərbaycan 5 ermənini Ermənistana təhvil verməklə Brüssel görüşündəki razılaşmanın praktiki mərhələdə icrası addımını atmaqla, qarşılıqlı şəkildə iki ölkə arasında düşmənçiliyə səbəb olan məsələlərin aradan qaldırılmasında, normal münasibətlərin qurulmasında da diplomatik masada əsas təşəbbüskar kimi öz dinamikliyini göstərdi.

İrəvan isə razılaşmanın humanitar punktuna uyğun olaraq, itkin düşmüş azərbaycanlılar haqda hələ ki 44 günlük müharibənin üzərindən 2 ilə yaxın bir müddət keçməsinə baxmayaraq heç bir məlumat verməyib. Hələ bu azmış ki, rəsmi İrəvan sülh sazişi mətni üzərində işləyəcək işçi qrupunun bir ay müddətində yaradılması ilə bağlı hər hansı bir addım belə atmayıb.

Bakı praktiki addımla İrəvana hərəkət etməsi üçün “pas ötürdü” və bu, bir ay müddətində razılaşma icra edilməyəcəyi təqdirdə atıla biləcək mümkün addımlara zəmini gücləndirdi. Amma şahid oluruq ki, Ermənistan Azərbaycanın humanist addımına, sülhə töhfə verəcək növbəti qərarına qarşı destruktiv mövqeyindən əl çəkmək niyyətində deyil.

Editor

Related Posts