
Naxçıvan Muxtar Respublikası Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Bilik Günü ərəfəsində sosial qayğıya ehtiyacı olan 559 uşağa məktəbli forması və dərs ləvazimatları verilib.
Bildirilib ki, sağlamlıq imkanları məhdud uşaqlara zəruri bilik, bacarıq və vərdişlər aşılamaqla onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin tabeliyində Distant Təhsil Mərkəzi yaradılıb. Yeni tədris ilindən fəaliyyətə başlayacaq mərkəz sağlamlıq imkanları məhdud uşaqların təhsil imkanlarını artıracaq. Görmə qabiliyyəti məhdud uşaqlar üçün Xüsusi İbtidai Məktəb yaradılıb, brayl kurslar təşkil edilib, əmək terapiyası, audio və elektron kitabxana xidmətləri yaradılıb, nitq problemləri olan uşaqlar üçün defektoloji bölmə fəaliyyətə başlayıb. Həmçinin sağlamlıq imkanları məhdud uşaqların məktəbdənkənar təhsil müəssisələrindəki dərnəklərə, kurslara cəlbi də diqqətdə saxlanılır, müvafiq müsabiqələrdə onların da iştirakı təmin olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin edilməsi, o cümlədən inklüziv təhsilə keçid imkanlarının artırılması, məsafədən təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən və əldə olunan nəticələrdən bəhs edib. Nazir vurğulayıb ki, distant dərslərin tədrisinə də diqqət artırılıb. Ötən tədris ilində 15 nəfər hərəkət qabiliyyəti məhdud uşaqla distant dərslər keçirilib, onlar dərs ləvazimatları, məktəbli geyimi və digər zəruri texniki avadanlıqlarla təmin edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, muxtar respublikada valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud uşaqlar, şəhid, aztəminatlı və çoxuşaqlı ailələrin övladları dövlətin xüsusi diqqət və qayğısı ilə əhatələnib. Onların hüquqlarının qorunması, sosial müdafiələrinin gücləndirilməsi ilə bağlı proqramlar qəbul edilir və icra olunur. Ramilə Seyidova uşaqları yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb.
Valideynlər adından çıxış edən Nahidə Əliyeva sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Sonda aztəminatlı ailələrdən olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş məktəbli uşaqlara, sağlamlıq imkanları məhdud şagirdlərə məktəbli geyim formaları, çanta və dərs ləvazimatları verilib.
Aidiyyəti təşkilatların və rayon icra hakimiyyətlərinin nümayəndələri tərəfindən muxtar respublikanın rayonlarında da analoji tədbirlər keçirilib, sosial qayğıya ehtiyacı olan uşaqlara məktəbli formaları, çanta və dərs ləvazimatları verilib.
Qeyd edək ki, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 61, sağlamlıq imkanları məhdud 293, aztəminatlı ailələrin övladlarından isə 205 olmaqla, ümumilikdə 559 məktəbli lazımi forma, çanta və lazımi dərs ləvazimatları ilə təmin edilib.