Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Bəlkə də musiqinin başqa janrında ifa etsəydim icazə verməzdilər”-Səkinə İsmayılova

“O illərdə qız övladının incəsənət sahəsində olmasını birmənalı qarşılamırdılar. Mənim də valideynlərim sənətə gəlməyimə razı deyildilər. Məni sənətdən uzaqlaşdırmaq üçün qarmon sinfinə qoydular. Fikirləşdilər ki, bəlkə müğənni yox, musiqiçi olaram. Sənətdə hər zaman ailəm mənə dəstək olub. Hamı bilir ki, həyat yoldaşım qohumum, dayımoğlu olub. Qaynatam da ədəbiyyatı, qəzəlləri, klassikləri sevən bir şəxsiyyət idi. Onun köməkliyi ilə həm bizim ailəmizin möhkəmliyi oldu, həm də mənə sənətdə böyük dəstək verdi. Yeni ailə həyatı quranda əlbəttə ki, yoldaşım da istəmirdi ki, sənətlə məşğul olum, amma yenə də qaynatam bunun qarşısını aldı. Bəlkə də musiqinin başqa janrlarında ifa etsəydim icazə verməzdilər. Mən hər zaman deyirəm ki, insanın rahatlığı ailədən başlayır. Mən konsertlərə, tədbirlərə ailədən hazırlaşıb gedirdim. O sevgi ilə evdən çıxmasaydım, o sənətimi sevgi ilə səhnədən tamaşaçıya necə ötürə bilərdim?! O qayğı ilə əhatələnməli idim ki, bunu mən tamaşaçılara da yansıda bilim”.

Birinci 24 xəbər verir ki, bunu moderator.az-a açıqlamasında sevilən xanəndə, xalq artisti, “Şöhrət” ordenli Səkinə İsmayılova deyib.

“Muğam çox ağır sənətdir. Mənim oxuduğum illərdə, elə bu gün də görün muğam sinfini nə qədər xanəndələr bitirir, amma hər kəs bunu davam etdirə bilmir. Bilirsiniz ki, mən ilk addımlarımı opera səhnəsində atmışam. 30 il sərasər bu səhnədə böyük sənətkarlarla tərəf müqabili olmuşam. 30 il bu səhnədə mən dünya səhnələrinə alışmağı öyrənmişəm. Opera səhnəsindən sonra bütün dünya səhnələri mənim üçün adiləşdi. Çünki 3 saat canlı-canlı tamaşada iştirak etmək, oxumaq çətin bir iş idi” deyə sənətkar bildirib.

Xalq artisti efirlərdə tez-tez görünməməsinin səbəblərindən də danışıb.

“Göründüm, ad olsun deyə hər verilişdə iştirak edə bilmərəm. O verilişdə mütləq özümü görməliyəm. Ekran qarşısında əyləşib baxan tamaşaçı da bizdən nəsə öyrənməlidir, bəhrələnməlidir, qidalanmalıdır. Zərrə-zərrə xalqın sevgisini, hörmətini qazanmışam. Bu hörməti, dəyəri reytinq arxasınca qaçan aparıcının və onun verilişinin qurbanı edə bilmərəm. Azərbaycan televiziyalarının bu günki musiqi zövqümüzə birbaşa təsiri var. Yaxşı olardı ki, televiziyalar bu istiqamətdə məsuliyyətlərini hiss etsinlər. O illərdə efirə çıxmaq asan deyildi. Amma bu gün hər yerindən duran müğənni efirdə özünü sənətkar adlandırır. Sənətkar tarixdə qlamaq üçün səhnəyə çıxmalıdır, pul qazanmaq üçün yox. Pul qazanmaq xatirinə səhnəyə çıxmaq sənətə hörmətsizlikdir. Gənc xanəndələrə də tövsiyyəm odur ki, ucuz qalmaqalların, səviyyəsiz verilişlərin oyuncağına çevrilməsinlər” deyə sənətkar bildirib.

admin

Related Posts