Çinin Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı təqdim etdiyi plan ölkələr tərəfindən birmənalı qarşılanmadı. Plan Ukrayna prezidentinin ofis rəhbərinin müşaviri M.Podolyak tərəfindən tənqid olundu.
ABŞ
Vaşinqton Pekinə etibar etmədiyinə görə sülh planına da etinasızlıqla yanaşdı. Çinin Rusiyaya yardımı nəzərdən keçirtdiyini, amma bu barədə konkret qərar qəbul etmədiyini Prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri C.Sallivan (CNN-ə), Mərkəzi Kəşfiyyat İdarəsinin müdiri V.Börns (CBS News-ə) və Aşağı Palatanın xarici əlaqələr komitəsinin rəhbəri M.Makkol (ABC-yə) verdikləri müsahibələr zamanı bildirmişdilər. Dövlət katibi E.Blinken isə Rusiyaya maddi yardım və ya sanskiyalardan yayınmağa köməyin ağır fəsadlarla qarşılaşacağını Münhen Təhlükəsizlik Konfransı zamanı Van İ-yə bildirmişdir.
ABŞ-ın Milli Təhlükəsizlik Strategiyasına görə, “Rusiya beynəlxalq nizamın əsas qanunlarını şüursuzcasına (recklessly) pozaraq, azad və açıq beynəlxalq sistemə birbaşa təhlükə… ÇXR, əksinə, beynəlxalq nizamı dəyişdirmək niyyətinə və bu məqsədə çatmaq üçün getdikcə daha çox iqtisadi, diplomatik, hərbi və texnoloji gücə malik olan yeganə rəqibdir”. Bundan iki əqlinəticə çıxartmaq olar:
- Rusiya Qərbin hegemonluğuna müəyyən “narahatlıqlar” yaratsa da, ABŞ-ı hegemon kürsüsündən yalnız Çin sala bilər.
- Qərbin yeganə real rəqibi Çin olsa da, hazırda Qərbə birbaşa təhlükə Çindən yox, Rusiyadan gəlir. Bu isə o deməkdir ki, Qərb Rusiyanın Ukrayna siyasətinə göz yumub, diqqəti Çinə yönəldə bilməz.
Beləliklə, ABŞ dominantlığı əldə saxlamaq istəyirsə Rusiyanı öz tərəfinə çəkməli (ideal variant), və ya onu mümkün qədər az resurs sərf etməklə tez zərərsizləşdirərək (real variant), diqqət və resursları Çinə qarşı yönəltməlidir. Bu ssenarilərdən savayı arzuolunmazlıq dərəcəsi üzrə sıralanmış daha 3 ssenari var: müharibənin uzanması, Rusiyanın qalib gəlməsi, Rusiya və Çinin vahid bir cəbhədə birləşməsi. Çinin sülh planı arzuolunan ssenariləri yaxınlaşdırmadığına görə, ABŞ bu planı arzuolunmaz ssenarilər kontekstində nəzərdən keçirib, rədd edir.
Rusiya
Çinin sülh planında “bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə effektiv zəmanət” bəndindən başqa Rusiyanın bir çox narrativləri də (Soyuq müharibə mentalitetindən imtina edilməli, bir ölkənin təhlükəsizliyi digər ölkənin təhlükəsizliyi hesabına təmin edilməməli, hərbi blokların genişlənməsi hesabına regional təhlükəsizlik təmin edilməməli, ölkələrin təhlükəsizliklə bağlı narahatlıqlarına ciddi yanaşılmalı, dünya iqtisadiyyatı siyasiləşdirilməməli) əks olunub.
Çin Rusiya üçün paralel idxal, silah-sursat ehtiyatlarının doldurulması, SWIFT-in CİPS (103 ölkə, 1280 maliyyə institutu, $12,68 trln.-lıq emal) ilə əvəzlənmə perspektivi baxımından maraq kəsb edir. Qərbin iqtisadi problemləri yalnız ilk baxışdan Rusiya üçün müsbət bir hal kimi nəzərdən keçirilir. Gerçəklikdə Qərbin iqtisadi problemləri neft-qaza olan tələbatın aşağı düşməsinə → enerji resurslarına bazar qiymətlərinin enməsinə → Rusiyanın milyardlarla dollar gəlirdən məhrum olmasına gətirir. Qərbin iqtisadi problemləri Rusiya üçün o vaxtı müsbət bir hal olardı ki, dünya iqtisadiyyatında yaranan boşluq hər hansısa üçüncü bir qüvvə tərəfindən, yəni Çin tərəfindən doldurulsun. Beləliklə, Rusiya ABŞ-dan fərqli olaraq Çinin artan qüdrətində obyektiv maraqlıdır.
Çinlə yaxın münasibətlər həm də Rusiyaya diplomatik təcriddən çıxmağa imkan verir. Bu yaxınlarda Rusiya, Çin və CAR Hind okeanında birgə hərbi təlimlər keçirtdilər. Rusiya ümid edir ki, Hind-Sakit okean regionunda Çinin yüksək aktivliyi Qərbin diqqət və resurslarını öz tərəfinə çəkib, Ukrayna cəbhəsindəki müqaviməti zəiflədəcək.
Nəticə
Qərb Pekinin planını dəstəkləmədiyinə görə Çin qlobal mediatora çevrilə bilməyəcək. Çin mediator olmasa da plan Çin başda olmaqla Üçüncü Dünyanın, Qlobal Cənubun münaqişəyə baxışını özündə təcəssüm etdirib, nəticə etibarı ilə Pekinin siyasi çəkisini artırmış olacaqdır.