Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Makronun reytinqi son dörd il ərzində minimuma düşdü

Makronun reytinqi son dörd il ərzində minimuma düşdü

Fransa prezidenti Emmanuel Makronun reytinqi ölkədə aparılan pensiya islahatının səbəb olduğu kütləvi etirazlar fonunda minimal göstəriciyə düşüb.

Bu gün BVA şirkəti tərəfindən aparılan ictimai rəy sorğusunun nəticələri bundan xəbər verir.

Sosioloqların qeyd etdiyi kimi, sorğuda iştirak edən fransızların yalnız 28%-i Makronun prezident postunda fəaliyyətindən razıdır. Bu, fevralın sonunda qeyd olunandan 6 faiz bəndi azdır. “Beləliklə, dövlət başçısının reytinqi ən aşağı səviyyə olan 26%-ə yaxınlaşır, bu göstərici 2018-ci ilin noyabr ayında “sarı jiletlilər” hərəkatının qızğın çağında müşahidə olunmuşdu”, – şirkətdə qeyd ediblər.

Baş nazir Elizabet Borna gəlincə, onun da reytinqi ay ərzində 28%-ə düşüb. Sosioloqların sözlərinə görə, bu, onun 2022-ci ilin mayında Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə təyin olunduğu vaxtdan sonra ən aşağı göstəricidir.

Şirkətdə qeyd olunduğuna görə, aparılan araşdırma pensiya islahatının müzakirəsi başladıqdan sonra fransız cəmiyyətində formalaşan bir neçə tendensiyanı təsdiqləyib. Belə ki, məsələn, sorğu əksər fransızların (70%) pensiya yaşının artırılması haqqında qanun layihəsinin qəbul olunmasına qarşı çıxdığını göstərib. Sorğuda iştirak edənlərin 64%-i hökumət tədbirlərinə qarşı tətilləri və etiraz aksiyalarını tam dəstəkləyir.

Sorğu 24-25 mart tarixlərində keçirilib. Sorğuda Fransanın 18 yaşdan yuxarı min sakini iştirak edib.

Sosial sistemin maliyyə balansını təmin etmək məqsədilə pensiya yaşının 62-dən 64-ə qaldırılmasını və xüsusi pensiya rejimlərinin ləğvini nəzərdə tutan islahat yanvar ayında təqdim olunub. Təklif edilən dəyişikliklər dərhal çoxsaylı etiraz aksiyalarına səbəb olub. Martın 16-da baş nazir parlamenti kənarda saxlayaraq və hökumətin məsuliyyəti altında dəyişikliklərin edilməsi haqqında qanun layihəsinin qəbul olunduğunu elan edib. Həmkarlar ittifaqları və müxalif siyasi partiyaların nümayəndələri hökumətin bu addımını qınayaraq bütün ölkə ərazisində tətilləri davam etdirməyə çağırıblar.

Editor

Related Posts