Almaniya humanitar vizaların verilməsini dayandırıb.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu barədə iyulun 23-də Almaniya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Qərarın səbəbləri və müvəqqəti, yoxsa daimi xarakter daşıdığı açıqlanmayıb.
İyulun 18-də Almaniyanın kansleri Fridrix Merts keçmiş kansler Angela Merkelin dövründəki miqrasiya siyasətinin “iflasa uğradığını” deyib.
O bildirib ki, həmin siyasət həm Almaniyada, həm də bütün Avropada miqrasiya böhranına səbəb olub. Buna baxmayaraq, Merts əmək bazarı üçün yüksək ixtisaslı mütəxəssislərin ölkəyə qəbulunu istisna etməyib.
2025-ci ilin yanvar ayına olan rəqəmlərə görə, Almaniya humanitar viza əsasında 34,7 min Əfqanıstan vətəndaşının ölkəyə girişinə icazə verib. Bundan əlavə, 2017-ci ildən bəri, hər il təxminən 3 min sığınacaq axtaran suriyalı və vətəndaşlığı olmayan şəxslər bu viza əsasında Almaniyaya gəlib.