Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Üçtərəfli Bəyanatdan bir gün sonra nə baş verib? – Detallar

Üçtərəfli Bəyanatdan bir gün sonra nə baş verib? – Detallar

“Ermənistan ərazisində olan Azərbaycan anklavları Bakıya qaytarılacaq”. Ermənistan MTX-nin sabiq rəhbəri Artur Vanetsyanın işlətdiyi bu ifadə erməniləri əməlli-başlı təşvişə salıb. Vanetsyanın fikirləri anklavların nə zaman Azərbaycana qaytarılacağı məsələsini də yenidən gündəmə gətirib. Bəs görəsən, anklavlarla bağlı məsələ nə yerdədir? Yaxın zamanda onların Azərbaycana təhvil verilməsini gözləyə bilərikmi?

Birinci 24 xəbər verir ki, mövzunu KONKRET.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Ermənistan ərazisində qalan anklavlar məsələsi ciddi müzakirə mövzusudur: “Qazağın 7, Naxçıvanın isə Kərki kəndinin məsələsi 2020-ci il 10 noyabr tarixində Azərbaycan və Rusiya Prezidentləri arasında aparılan danışıqların predmeti olub. İmzalanma mərasimindən sonra yayılan sənədlərdə Bəyanatın bir bəndinin məhz bu anklavlarla bağlı olduğunu gördük. Orada həmin anklavların azad edilməsi məsələsi qeyd olunmuşdu. Təəssüf ki, bir gün sonra Rusiya prezidentinin saytında yayılan sənəddə biz həmin bəndin Üçtərəfli Bəyanatın tərkibindən çıxarıldığını müşahidə etdik. Amma bu, Azərbaycanın öz ərazilərindən imtina etdiyi və onun qaytarılması ilə bağlı hansısa addım atmayacağı anlamına gəlməməlidir. Əksinə sözügedən məsələ zaman-zaman həm ekspertlər səviyyəsində, həm də rəsmi cameədə gündəmə gətirilir. Belə ki, Ermənistanda yerləşən Avropa İttifaqı mülki missiyasının sədri özünün müsahibəsində bu məsələyə toxunub. O bildirib ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Toivo Klaar Bakıda olarkən Azərbaycan Prezidenti məhz həmin anklavlara baş çəkilməsini tələb edib. Ermənistan ərazisində yerləşən Avropa İttifaqının missiyasından həmin ərazilərdəki vəziyyəti araşdırmaq və oradakı durumla bağlı məlumatlar hazırlamaq istənilib. Bu da Ermənistan cəmiyyətində kifayət qədər şok effekti yaradıb”.

Politoloq əlavə edib ki, Vanetsyan və digərləri Ermənistanda revanşist qüvvələr kateqoriyasında olan şəxslərdir: “Onlar Ermənistan hakimiyyətini tənqid edirlər. Amma bu məsələlərdə Azərbaycan dövləti birmənalı şəkildə prinsipial mövqeyə sahibdir. Sözügedən anklavların qaytarılması ilə bağlı mümkün olan hər bir addıma gediləcək. Sərhədlərin delimitasiya məsələsi də məhz bununla bağlıdır. Çünki ermənilərin istinad etdiyi 70-ci il xəritələri belə həmin anklavların Azərbaycanın tərkibində olduğunu sübuta yetirir. Bu kəndlərin işğalı uzaq dövrə təsadüf etmir. Belə ki, Kərki 1990-cı illərin əvvəlində işğal edilib. Qazağın kəndləri isə 1990-1992-ci illərdə işğala məruz qalıb. Hesab edirəm ki, gec-tez bu məsələ öz həllini tapacaq və həmin kəndlər Azərbaycanın tərkibinə qatılacaq”.

Editor

Related Posts