Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Azərbaycan və Ermənistan dərhal mövcud razılaşmalara qayıtsınlar” – Rusiya XİN

“Azərbaycan və Ermənistan dərhal mövcud razılaşmalara qayıtsınlar” – Rusiya XİN

“Rusiya Azərbaycan və Ermənistanı dərhal mövcud razılaşmalara qayıtmağa çağırır, Moskva Qarabağda atəşkəs rejiminin pozulması hallarının sayının artmasından son dərəcə narahatdır”.

Birinci 24 TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya XİN-in yaydığı bəyanatda deyilir.

“Hədsiz narahatlıqla atəşkəs rejiminin pozulması hallarının artmasını qeyd edirik. Biz tərəfləri dərhal mövcud razılaşmalara qayıtmağa çağırırıq”, – Rusiya XİN-in bəyanatında bildirilir.

“Biz, həmçinin xarici Qərb oyunçularına və öz fürsətçi gündəmləri üzərində işləyən yerli rusofob elementlərinə Rusiyaya qarşı qarayaxma kampaniyası da daxil olmaqla, vəziyyəti qızışdırmaq cəhdləri ilə bağlı qarşı xəbərdarlıq edirik”, – bəyanatda deyilir.

Nazirlik qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistana həm siyasi səviyyədə, həm də regionda – Rusiya sülhməramlı kontingentinin iştirakı ilə bütün lazımi yardımı göstərməyə hazırdır:

“Biz bundan çıxış edirik ki, heç bir halda yerli əhali əziyyət çəkməməli və onun dolanışığına heç bir maneə yaradılmamalıdır”.

XİN-in yaydığı bəyanatda bildirilir ki, Rusiya Azərbaycan və Ermənistanın ictimai məkanında ittihamedici və aqressiv ritorikanın səviyyəsinin yüksəlməsini təhlükəli hesab edir:

“23 aprel hadisələrinin son inkişafı kontekstində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının əsas müddəalarını pozan hər hansı birtərəfli addımların yolverilməzliyini xüsusilə qeyd edirik. Söhbət Laçın dəhlizinin iş rejiminin razılaşdırılmamış dəyişdirilməsi və ya ondan sülh gündəliyinə uyğun olmayan məqsədlər üçün istifadə etməyə cəhddən gedir”.

“Biz hesab edirik ki, yaranmış problemlərin çoxu uzun aylar ərzində fəaliyyətsizliyin, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlərin əsas yolları üzrə danışıqlar prosesində irəliləyişin olmamasının, o cümlədən regionda kommunikasiyaların və nəqliyyat blokunun açılmamasının, həmçinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanmamasının və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin parametrlərinin uyğunlaşdırılmamasının nəticəsidir. Ümid edirik ki, Bakı və İrəvan siyasi iradə nümayiş etdirəcək və yaxın gələcəkdə bu mənfi tendensiyanın öhdəsindən gələ biləcəklər”, – nazirlik yekunlaşdırıb.

Xatırladaq ki, aprelin 23-ü Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Bildirilib ki, bu addım 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq atılıb.

Qeyd olunub ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

Editor

Related Posts