Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublika Xəstəxanası Ordubad rayonunda humanitar tibbi aksiya keçirib. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Birinci 24 İnformasiya Agentliyinə verilən məlumata görə, aksiyada xəstəxananın terapevt, endokrinoloq, stomatoloq, uroloq, radioloq, nevropatoloq, lor, laboratoriya, travmatoloq, ginekoloq olmaqla, 17 nəfərdən ibarət həkim briqadası Ordubad şəhər tam orta İnternat məktəbində şagirdləri müxtəlif tibbi müayinələrdən keçiriblər.
Ümumilikdə 46 şagird üzərində 240 müayinə aparılıb. 11 şagird müxtəlif xəstəliklər üzrə daha dəqiq və dərindən müayinə üçün Naxçıvan MR Xəstəxanasına yönləndirilib.
Aksiya zamanı ixtisaslı həkimlər tərəfindən məktəbin müəllim və şagird kollektivi ilə maarifləndirici söhbətlər də aparılıb.