Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda “Heydər Əliyev siyasi məktəbi” layihəsinin açılışı olub

Naxçıvanda “Heydər Əliyev siyasi məktəbi” layihəsinin açılışı olub

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü və “PAŞA Holding” MMC-nin dəstəyi ilə keçirilən “Heydər Əliyev siyasi məktəbi” layihəsinin Naxçıvanda açılışı olub.

“Yüksəliş” müsabiqəsinin qalibi olmuş Sabirabad rayonunun fəal gəncləri ilə Heydər Əliyev Muzeyində keçirilən görüşdə layihə rəhbəri, Milli Məclisin deputatı Kamal Cəfərov “Heydər Əliyev siyasi məktəbi” layihəsinin məqsədi barədə məlumat verib. Bildirib ki, məqsəd ulu öndər Heydər Əliyevin müxtəlif dövrlərdə tətbiq etdiyi idarəçilik modelinin əsasında Sabirabad fəallarının siyasi hazırlığını yüksəltməkdir. Layihə çərçivəsində Heydər Əliyevin siyasi fəaliyyəti 6 dövr üzrə rəmzi seçilmiş məkanlarda, ulu öndərin fəaliyyətinin bir hissəsi olmuş vəzifəli şəxslərlə qeyri-rəsmi formada öyrəniləcək. Ulu öndər Heydər Əliyevin tələbəlik və gənclik illərini əhatə edən birinci dövr müvafiq olaraq Naxçıvan şəhərini əhatə edir.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli bildirib ki, məhz 1990-1993-cü illərdə Heydər Əliyev Naxçıvana rəhbərlik etdiyi üçün muxtar respublika işğala məruz qalmadı, Naxçıvan ağır sosial-iqtisadi vəziyyətdən xilas oldu. İlk dəfə olaraq üçrəngli bayrağımız Naxçıvanda ulu öndərimizin təşəbbüsü ilə Ali Məclisin sessiyasında rəsmi dövlət bayrağı kimi təsdiq olundu. Bu, müstəqilliyə gedən yolun başlanğıcı idi.

Görüşdə çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev layihənin 1-ci hissəsinə uyğun olaraq ümummilli lider Heydər Əliyevin gənclik və tələbəlik illəri barədə geniş məlumat verib. Dahi rəhbər Heydər Əliyevin müəllimləri Lətif Hüseynzadə, Şeyx Məhəmməd Rasizadə, Tofiq Bəktaşi, Həsənbəy Qazıyev və tələbə yoldaşları ilə münasibətləri barədə heç bir yerdə yazılmayan xatirələrdən danışıb.

Tədbirdə iştirak edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ümummilli lider Heydər Əliyevin təhsil və elmin inkişafına verdiyi töhfələrdən, elm xadimlərinə göstərdiyi dəstəkdən bəhs edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin köməkçisi Ramiz Məmmədov ulu öndər Heydər Əliyevin Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi illərlə bağlı xatirələrini paylaşıb, həmin çətin dövrdə baş vermiş Sədərək döyüşləri, ulu öndərin Naxçıvanın qorunub saxlanılması, sosial-iqtisadi böhranın aradan qaldırılması istiqamətində atdığı tarixi addımlar, qardaş Türkiyə ilə münasibətlərin qurulmasındakı misilsiz xidmətlərindən danışıb.

Tədbirdə iştirak edən gənclərə hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

admin

Related Posts