Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Partiyalara dövlət yardımından ən çox pay YAP-a düşüb

Partiyalara dövlət yardımından ən çox pay YAP-a düşüb

ADTİHB ilə Venesiya Komissiyası Azərbaycan hökumətinə bu vəsaitin parlamentdəki yerlər üzrə deyil, siyasi partiyaların topladığı səslər üzrə bölünməsini tövsiyə edib.

2024-cü ilin dövlət büdcəsində siyasi partiyalara ümumilikdə 5 milyon manat maliyyə yardımı ayrılıb. Bu vəsait dövlət büdcəsinin xərclərində 2020-ci ildə “Siyasi partiyalar haqqında” Qanunun qəbulundan sonraya nəzərdə tutulur.  

Partiyalar parlament seçkiləri nəticəsində deputat mandatı əldə edərlərsə, onlar həm parlamentdə olduqlarına, həm də yerlərin sayına görə dövlət tərəfindən maliyyələşmək imkanı əldə edə bilirlər.

Dövlət büdcəsindən siyasi partiyalara verilən maliyyə yardımı
İlAZN
20203 600 000
20214 000 000
20225.000 000
20235 000 000
20245 000 000

“Siyasi partiyalar haqqında” Qanun qüvvəyə minəndən sonra 31 siyasi partiya ləğv olunmağı ilə bağlı Ədliyyə Naziyliyinə müraciət edib. Hazırda Azərbaycanda dövlət qeydiyyatından keçən 26 siyasi partiya var. Onların 10-u parlamentdə təmsil olunur. 2020-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası parlament seçkilərinə qatılmamışdı, Müsavat Partiyasından olan 64 namizədin heç biri Milli Məclin deputatları siyahısında yer almır.

Gülağa Aslanlı, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri

Foto “Azadlıq Radiosu”ndan götürülüb

“Ölkədə azad, ədalətli və demokratik seçkilər olmadığına görə, bir qayda olaraq Müsavat Partiyasının namizədlərini parlamentə buraxmırlar”, –  ən son 2005 – ci ildə Milli Məclisdə təmsil olunan Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı belə deyib.

Partiyaların gəlir və xərclərinə dair ən son hesabat 2022-ci ildə açıqlanıb. Mərkəzi Seçki Komissiyasının dərc etdiyi maliyyə hesabatlarında göstərilir ki, Müsavat Partiyası il ərzində üzvlük haqlarından və ianələrdən 10 min manata qədər vəsait əldə edib. Partiyanın xərcləri də topladığı vəsait qədər olub.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) 2022-ci il üzrə maliyyə hesabatında heç bir gəlir və xərcinin olmadığını bildirib. Partiyanın əksər hesabatında maliyyə vəziyyəti belə göstərilir.

Seymur Həzi, AXCP sədrinin müavini

Foto “Amerikanın Səsi”ndən götürülüb  

“Nəinki ianə verənləri, hətta hökumətin şərləyib həbs etdiyi şəxslərə maddi dəstək göstərmək istəyənlər 3-5-7 il azadlıqdan məhrum edilib. Saleh Rüstəmli, Aqil Məhərrəmli, Babək Həsənov işi buna bir sübutdur”,  – AXCP sədrinin müavini Seymur Həzi bildirib.

2022-ci ildə YAP-ın gəlirləri 26.8 milyon manat təşkil edib ki, bunun da 23 milyon manatı üzvlük haqlarının, 8 min manatı ianələrdən gəlirlərin, 2.4 milyon manatı isə dövlət büdcəsindən ayrılmış vəsaitlərin payına düşüb. Parlamentdə təmsil olunan partiyaların büdcələri isə aşağıdakı cədvəldə olduğu kimi sıralanıb.

Milli Məclisdə təmsil olunan partiyaların büdcələri2022-ci il (AZN)
AdGəlirXərcDövlət düdcəsindən ayrılan vəsait
YAP26 794 28415 878 0932 403 344
Vətəndaş Həmrəyliyi Partiyası366 305.50316 833.46366 305.50
REAL Partiyası305 979257 776 .94304 579
Milli Cəbhə Partiyası304 579279 520304 579
Böyük Quruluş Partiyası304 704231 534.67304 579
Ana Vətən Partiyası304 579.20317 890.64304 579.20
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası304 579304 579304 579
Demokratik İslahatlar Partiyası304 591.39314 929.36304 591.39
Azərbaycan Demokratik Maarifçilik Partiyası304 679240 396.23304 579
Vəhdət Partiyası304 579304 570.77304 579

Mənbə: Mərkəzi Seçki Komissiyası

Qeyd edək ki, siyasi partiyalara ayrılan dövlət yardımının 40 faizi Milli Məclisdə təmsil olunan partiyalar arasında, 50 faizi parlamentdə təmsil olunan siyasi partiyalardan seçilmiş deputatların say tərkibinə uyğun olaraq bölünür. Vəsaitin  2.5 faizi etibarlı səs qazanmış, lakin  parlamentdə təmsil olunmayan partiyalar arasında bölünür.

Venesiya Komissiyasının ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə birgə hazırladığı tövsiyələrdə qeyd olunur ki, bir  partiyanın parlamentdə 70, yeddi partiyanın 9 mandatı var. Bitərəflərin sayı isə 41 olduğu halda dövlət büdcəsindən ayrılan vəsaitin yuxarıda sadalanan faizlər üzrə bölünməsi ədalətli deyil.

“Majoritar seçki sisteminə malik Azərbaycanda, yaxşı olardı ki,  parlamentdəki yerlərə deyil, siyasi partiyanın aldığı səslərə üstünlük verilsin”, – deyə rəydə deyilir. 

Siyasi məsələlər üzrə mütəxəssis Məmməd Məmmədzadə deyir ki, ölkədəki partiyaların ümumi büdcəsi 30 milyonu keçsə də, demək olar ki, bu vəsaitin əksər hissəsi hakim Yeni Azərbaycan Partiyasının payına düşür.

“Doqquz partiya isə illik təxminən 300 min manat ətrafında maliyyə alır. Bu məbləğin özü belə siyasi partiyaların saxlanılması üçün yetərli deyil. “Siyasi partiyalar haqqında” yeni Qanun qəbul olunub, ancaq görünür ki, partiyaların maliyyələşməsi məsələsi hələ də öz həllini tapmayıb”, –  deyə Məmməd Məmmədzadə bildirib.

Editor

Related Posts