Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ankara-Bakı münasibətlərindəki gərginlik: “Ərdoğanla Əliyevin maraqları toqquşur…”

Ankara-Bakı münasibətlərindəki gərginlik: “Ərdoğanla Əliyevin maraqları toqquşur…”

Son günlər Azərbaycan-Türkiyə münasibətlərindəki “soyuqluq” – ötən 15-20 ildə ilk hadisə sayıla bilməz.

2009-cu ilin oktyabrında Sürixdə ABŞ, Fransa və Rusiyanın vasitəçiliyi ilə Ankara və Yerevan arasında imzalanan sənəd Bakıda narazılıqla qarşılandı. Səbəb də Sürix protokollarının Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulması və sərhədlərin açılmasını nəzərdə tutması idi. Çünki Türkiyə Ermənistanla sərhədləri Dağlıq Qarabağda işğalın davam etməsi səbəbindən bağlasa da, sonralar sərhədləri açmaq üçün başqa şərtlər də irəli sürdü.

Ardınca Milli Məclisdə Türkiyəyə qarşı çıxışlar oldu, Şəhidlər Xiyabanından Türkiyə bayraqları götürüldü, hətta azərbaycanlı deputatlaın iştirakı ilə Ankarada və digər şəhərlərdə mitinq-yürüşlər də keçirildi.

2024-cü il iyulun 28-də AKP-nin Rizə şəhərində keçirilən iclasında Rəcəb Tayyib Ərdoğanın “Türkiyə yaxın keçmişdə Liviya və Qarabağda olduğu kimi İsrailə girə bilər” açıqlaması Azərbaycanın rəsmi mətbuatında narazılıqla qarşılandı.

Hökumət bu çıxışa televiziyalar vasitəsilə “yumşaq” reaksiya verdi. İyulun 30-da Ermənistan-Türkiyə nümayəndə heyətlərinin görüşündə bəzi məsələlərin razılaşdırılması da Bakıda birmənalı qarşılanmadı.

Hökumət mediası görüşü müzakirə predmetinə çıxarıb tənqidi münasibətini gizlətmədi.

“Qarabağa vaxtilə girdikləri kimi Yerusəlimə də girəcəkləri” iddia edilən məlum bəyanatın…”

Bu baxımdan avqustun 1-də “Azərbaycan” qəzetinin redaksiya heyətinin “Qarabağ zəfərinin müəllifi Müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusudur” başlıqlı məqaləsi açıq və sərt cavab sayıla bilər. Məqalənin tonu “Qardaşlıq səmimi və qarşılıqlı olmalıdır”, “Hər bir sursatın dəyərini son qəpiyinədək ödəmişik!” kiçik başlıqlarından da sezilir.

Qəzet yazır: “Təəssüf ki, bu yalan kampaniyasına bəzən dost ölkələrdən də qatılanlar olur. Məsələn, 2001-2004-cü illərdə qardaş Türkiyənin Azərbaycanda səfiri olmuş Ünal Çeviközün hələ müharibənin gedişində verdiyi bəyanat hər birimizdə məyusluq doğurmuşdu. “Türkiyənin Azərbaycana silah yardımı etməsi, muzdlu döyüşçülər göndərməsi və Qarabağın Azərbaycanın öz gücünə azad olunmadığı” barədə həm ağ, həm də zil qara yalanı utanmadan söyləyən bu şəxsdən, əslində, başqa nəisə gözləmək də olmazdı”.

“2009-cu ildə böyük səylə aparılan və Türkiyənin diplomatiya tarixinin ən qaranlıq, ləkəli səhifəsi olan Ermənistanla normallaşma prosesinin əsas icraçılarından olan bu adam sonradan müxalif CHP-yə keçəndə də mövqeyini dəyişmədi. Hazırda isə Türkiyənin bəzi ictimaiyyət dairələrində, media quruluşlarında Azərbaycanın torpaqlarının işğaldan azad edilməsində digər ölkələrin iştirakı barədə iddialar irəli sürülür. Və yenə də təəssüf ki, türk mediası cəmiyyəti narahat edən mövzuları unudaraq, yeni süni gündəm yaradıb. İsrail dövlətinə hərbi müdaxilə ediləcəyi və “Qarabağa vaxtilə girdikləri kimi Yerusəlimə də girəcəkləri” iddia edilən məlum bəyanatın şərhi qərəzli istiqamətdə aparılır, həqiqət təhrif olunur, aşkar ermənipərəst mövqe bildirilir. Ermənilərin yalanını başa düşdük, lap elə Ünal Çeviközün böhtanını da anladıq – onların niyyəti, məqsədi məlumdur. Ancaq bu böhtanı söyləyənlər arasında dost hesab etdiyimiz insanların da olması həqiqətən də üzücüdür”, – deyə məqalədə qeyd olunur.

“…Türkiyəyə pul, qızıl və yanacaq yardımını göndərən yalnız biz olduq”

Qəzet tarixə ekskurs edərək Azərbaycanın Türkiyəyə yardımlarını da sadalayır:

“Azərbaycan-Türkiyə münasibətləri, əlbəttə ki, dünyada az rastlanan əməkdaşlıq formatıdır və vahid kökə malik azərbaycanlılarla türklərin sınaqdan çıxmış qardaşlığına əsaslanır. Xalqımız Çanaqqalada minlərlə şəhid verdi, hətta ucqar kəndlərdən insanlarımız son tikələrini belə yardıma göndərdi. Sovet Azərbaycanının qurulduğu ilk günlərdə Nəriman Nərimanovun dəstəyilə Türkiyəyə pul, qızıl və yanacaq yardımını göndərən yalnız biz olduq. Son illərdə yanğında, zəlzələdə də dövlət və xalq olaraq daim Türkiyənin yanında olduq, hər cür kömək göstərdik. Əlbəttə ki, 106 il öncə Bakının azad olunmasında türk əsgərlərinin iştirakını da unutmuruq. İlham Əliyevin tapşırığı ilə Qəhrəmanmaraş bölgəsində zəlzələdən zərər çəkənlərə ilkin qiymətləndirilməsi 100 milyon dollardan artıq olan min evlik şəhərin salınması Prezidentdən sıravi vətəndaşa qədər hər bir azərbaycanlının Türkiyə sevgisinin simvoludur. Praqada Türkiyəni təkləyəndə: “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur, ancaq mən buradayam”, – deyərək hayqıran və türk düşmənlərini rüsvay edən Azərbaycan lideri daim Türkiyə dövlətinin ən böyük təəssübkeşi, mühafizi, dəstəkçisi kimi qəbul olunub”.

“Aldığımız hər güllənin, sursatın, texnikanın dəyərini son qəpiyinədək ödəmişik, cənablar!..”

Məqalədə həmçinin Türkiyədən alınan silahlara da toxunulur:

“Atalarımız deyib ki, sağ əlin verdiyini sol əl bilməz, qardaş qardaşa elədiyi ilə öyünməz. Hətta hipotetik şəkildə fərz edək ki, Türkiyə Vətən savaşında siyasi-mənəvi dəstəkdən başqa, əlavə də hər hansı bir dəstək göstərib. Bunu açıq bəyan edib, Ermənistanın və dünya erməniliyinin, o cümlədən ABŞ, Fransa və digər məlum dövlətlərin və qüvvələrin manipulyasiyalarına niyə əsas verilməlidir? Türkiyənin və ya hər hansı başqa ölkənin Azərbaycan torpaqlarının işğaldan azad olunmasında iştirakını, siyasi və mənəvi dəstəkdən başqa digər yardımlar, xüsusilə hərb meydanında köməklik göstərdiyini iddia etmək kökündən yanlışdır. Bilərəkdən, yaxud bilməyərəkdən ortaq düşmənimiz olan dünya erməniliyinə dil verməkdir! Türkiyə ordusunun və ya hansısa muzdluların Vətən müharibəsində “iştirakı” barədə ağızdolusu danışanlar və yazanlar bir fakt da göstərə bilmir. Yaxud mahiyyətinə görə heç də 44 günlük müharibədən geri qalmayan anti-terror əməliyyatlarında hər hansı ölkənin iştirakı heç müzakirə mövzusu olmamalıdır”.

Türkiyədən səslənən üzücü bəyanatlarda Azərbaycana guya göstərilən təmənnasız hərbi sursat yardımından da danışılır. Savaşdan 15 il öncədən etibarən Prezident İlham Əliyev tərəfindən həm milli müdafiə sənayesinin təkmilləşdirilməsi və yeniləndirilməsi, həm də hərbi arsenalımızın dünyanın ən son texnoloji innovasiyalarını əks etdirən hər cür silah-sursat və texnika ilə təmini üçün sistemli, ardıcıl fəaliyyət yürüdüldü. Bir neçə ölkə ilə, o cümlədən Türkiyəylə hərbi-texniki əməkdaşlıq həyata keçirildi. Müharibə dövründə bu əməkdaşlığın müxtəlif nümunələrindən istifadə olundu. Güclü aviasiya hücum və müdafiə sistemimizdə Türkiyənin “Bayraqdar”ı da iştirak edirdi. Ancaq bu sistem yalnız “Bayraqdar”lardan ibarət deyildi. Yəni aldığımız hər güllənin, sursatın, texnikanın dəyərini son qəpiyinədək ödəmişik, cənablar!..”, – deyə rəsmi qəzet yazır.

Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu il iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Birliyi rəhbərlərinin qeyri-rəsmi sammitinə deyil, Almaniyaya futbol oyununa getməsini də sonuncu “soyuqluq”la əlaqələndirənlər var.

Bəs Azərbaycanla Türkiyə arasında nə baş verir?

“İndi yazılanlar Sovet mətbuatında türklərin Bakını azad etməsinə qarşı həqarətli münasibətin müasir formasıdır”

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli düşünür ki, mövcud münasibətlərin yaranmasının bir neçə səbəbi ola bilər.

Cəmil Həsənli. Foto: Meydan TV
Cəmil Həsənli

O, deyib ki, rəsmi qəzet ad çəkməsə də, məqalə birbaşa Prezident Ərdoğanın əleyhinə yazılıb:

“Nəzərə alın ki, müəllif yazısı deyil, redaksiyanın mövqeyidir. “Azərbaycan” qəzeti rəsmi dövlət orqanı olduğundan dövlətin mövqeyini özündə ehtiva edir. İkincisi də hər nə qədər rəsmi olsa da, göstərişlə işləyən media orqanıdır və bu təlimat administrasiyadan gəlib”.

Cəmil Həsənli bildirib ki, bütün müharibələrdə “qələbənin atası” sindromu olur:

Ərdoğanın Rizədəki çıxışı rəsmi Bakının “yaralı yeri”nə toxunub. O sanki İlham Əliyevin qələbənin “yeganə atası” olması fikrinə şübhə toxumu səpib. Halbuki Əliyev 2020-ci il zəfərindən sonra bir neçə dəfə etiraf edib ki, bu, Türkiyə ilə birgə qələbəmizdir. Mövcud vəziyyət Türkiyənin Ermənistanla münasibətlərinin bərpa etmək istəyi, yaxud Ankaranın Bakı-Yerevan sülh sazişinə dəstəyini ifadə etməsi və daha çox Qərb modelinə üstünlük verməsindən yarandı”.

Onun sözlərinə görə, indiki vəziyyət 1920-ci ilin aprelindən sonra Azərbaycan Sovet mətbuatında türklərin Bakını azad etməsinə qarşı həqarətli münasibətin müasir formasıdır:

“1918-ci ildə türk qoşunlarını Bakını azad edəndən sonra 1920-ci ilin aprelinə qədər bu, xilaskarlıq missiyası kimi dəyərləndirilirdi. Aprel işğalından sonra forma və mahiyyət dəyişdi”.

“Mən 2011-ci ildə Türk şəhidləri abidəsinin üzərindən bayraqlarının çıxarılmasını və Milli Məclisdəki kampaniyanı yaxşı xatırlayıram. Həmin vaxt Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 5 deputata demişdi ki, sabah sizə Milli Məclisdə söz veriləcək, Türkiyənin əleyhinə çıxış edin. Həmin deputatlardan biri elə həmin axşam mənə zəng edib aldıqları tapşırıqdan halı etdi. 5 deputatdan ikisi danışandan sonra söz alıb dedim ki, Azərbaycan SSRİ-nin Ali Sovetində Türkiyəyə qarşı belə quduz kampaniya aparılmayıb ki, siz bunu başlamısınız, buna görə utanın. Çünki sizi danışdıran neftin hər barelinin azad edilməsi uğrunda türk əsgərinin qanı var. Yaxud Türkiyə Prezidenti Ərdoğan Milli Məclisə gələndə YAP-çı deputatlar çox pis hərəkət etdilər. Ümumiyyətlə, hakim elitanın fəaliyyətində belə rüsvayçı hərəkətlər zaman-zaman olur”, – deyə Həsənli əlavə edib.

Milli Şura sədri hesab edir ki, rəsmi Bakı faktiki olaraq Putin Rusiyasının ritorikası ilə danışır:

Hökumət Rusiyanın ayağından tutub regionda saxlamaq istəyir. Çünki Türkiyənin mövqeyinin özünün və Kremlin maraqlarına qarşı olduğunu düşünür. Ona görə də rəsmi mətbuatda kampaniyaya start verilib”.

Cəmil Həsənli Türkiyəyə qarşı kampaniyanın hələ bir müddət davam edəcəyini bildirib:

Hakimiyyətin uzun müddət bunu aparmağa kifayət qədər gücü və imkanı yoxdur. Son nəticə etibarı ilə yenə əvvəlki qaydasına düşəcək. Burada strateji ayrılıq yaranıb, Azərbaycan yerini Rusiya-Çin tandemində tapır, Türkiyə isə NATO üzvü olduğundan daha çox Qərbə inteqrasiya edib Rusiyanı regiondan çıxarmaq strategiyasına üstünlük verir. Çin-Azərbaycan sazişində belə tərəflərin bir-birinin maraqlarına zidd olan diplomatik hərkətlərə yol verilməməsi əksini tapıb. Yəni söhbət Qərbin regiona buraxılmamasından gedir”.

“Əliyev hər zaman Rusiyaya yaxın olub, nəinki Türkiyəyə…”

Politoloq Azər Qasımlı Azərbaycan hökumətinin heç vaxt türkçü olmadığını və millətçi ritorikasının da müvəqqəti xarakter daşıdığını qeyd edib.

O, deyib ki, hazırda hökumət millətçi ritorikasından uzaqlaşır:

“2011-ci ildə də oxşar mənzərənin şahidi olmuşuq. Azərbaycan cəmiyyətində bir qrup hökumətin türkçü, millətçi olduğunu hesab edir. İkinci qrup da Qarabağı Ərdoğanla Əliyevin birgə azad etdiyini düşünür, amma hər iki qrup Rusiya amilini nəzərə almırdı. Halbuki Qarabağın həm işğalında, həm də azad olunmasında Rusiya amilini kənara qoymaq olmaz. Ötən əsrin 90-cı illərində Moskva Ermənistana dəstək verdi və biz işğalla üzləşdik. Bu dəfə isə bir çox səbəblərdən Kreml müdaxilə etmədi və biz ərazilərimizi azad etdik”.

Azər Qasımlı
Azər Qasımlı

Qasımlının sözlərinə görə, avtoritar liderlər üçün dəyərlər, ideologiya, ideya olmur:

“Türkiyədə avtoritarizmə meylli olan dövlət başçısı var: Ərdoğan. Azərbaycanda isə totalitar rejim qurmağa hazırlaşan hakimiyyət görürük. Rusiyada isə diktatura rejimi formalaşır. Bu baxımdan onlar müvəqqəti olaraq mübahisə də edə bilərlər, dostluq da… Yəni onların bu kontekstdə münasibətləri nisbidir. Sonuc etibarı ilə Əliyev hər zaman Rusiyaya yaxın olub, nəinki Türkiyəyə”.

“Hər iki tərəfdə Kremlin birbaşa və təsir agentləri kifayət qədərdir”

Siyasi şərhçi Rauf Mirqədirov hər iki tərəfin səmimi olmadığı və siyasi konyukturaya uyğun bəyanatlar səsləndirdikləri qənaətindədir.

Mirqədirov hesab edir ki, Ərdoğanın “Qarabağa girdik” açıqlaması doğru deyildi və ümumiyyətlə, türk əsgəri regionda olmayıb:

“İkincisi, Azərbaycan Türkiyədən aldığı hərbi sursatın əvəzini ödəyib. Həmçinin Bakı Ukraynadan, Belarusdan da və daha çox İsraildən silah alıb. Lakin qələbənin müəllifinin Ali Baş Komandan və Azərbaycan əsgərinin olması da həqiqətəuyğun deyil. Bəli, ordumuzun rəşadətini şübhə altına almırıq. Sadəcə, ordumuzun 2020-2023-cü illərdə uğurları Rusiyanın neytrallaşdırılmasından irəli gəlir. Bu məsələdə isə şəxsən Ərdoğanın böyük rolu olub. Təəssüf ki, 44 günlük savaş və sonrakı döyüşlərin iştirakçıları ilə bağlı maarifləndirmə zəif olduğundan cəmiyyət onları tanımır. Hər şey Ali Baş Komandanın adına yazıldığından indiki vəziyyət yaranıb”.

Mirqədirov deyir ki, Bakı-Ankara münasibətlərindəki soyuqluğun birinci səbəbi Azərbaycan-İsrail əlaqələri ilə bağlıdır:

Rauf Mirqədirov

Bu, Türkiyə üçün ciddi məsələdir, Ankara anti-İsrail koalisiyasının lideri olmaq istəyir, Tehranda qətlə yetirilmiş İsmayıl Haniyənin qətlə yetirlməsi beynəlxalq hüquq baxımından çox problemlidir. Amma Türkiyənin terrorçunun ölümünə dövlət səviyyəsində matəm elan etməsi təəccüblüdür. Bəli, bu, daxili auditoriya üçün mesajdır. Azərbaycan isə bu məsələdə Türkiyənin yanında deyil, Fələstini dövlət kimi tanısa da, İsraillə münasibətləri pozmur. İkinci səbəb Ərdoğanla Əliyevin hansısa biznes maraqlarının toqquşmasıdır. Avtoritar dövlətlərin başçılarının şəxsi maraqları dövlətlərarası münasibətlərə də təsir edir. Üçüncü səbəb Ermənistan-Türkiyə münasibətlərindəki dəyişikliklərdir ki, Bakını qıcıqlandırır”.

Türkiyənin xarici siyasətindəki İsrailə münasibət Bakını qane etməsə də, İslam dünyasına münasibətdə problem yoxdur. Amma Ankara hazırda Vaşinqton və Brüssellə münasibətlərini normallaşdırmağa çalışır. Bu, Türkiyəyə çox böyük kreditlər almaq üçün vacibdir, ölkə iqtisadiyyatı həddindən artıq ağırdır, hazırda Dünya Bankı ilə danışıqlar gedir. Belə olanda, Türkiyə Azərbaycan-Ermənistan arasında sülh prosesinin sürətlənməsində maraqlıdır. Çünki sülh sazişinin imzalalanmasında Qərbin və Türkiyənin iqtisadi marağı var, söhbət Orta Dəhlizin tam gücü ilə işə düşməsindən gedir. Sözsüz ki, Azərbaycan sülh istəyir, amma sənədin imzalanmasının Moskavada nə cür qarşılanacağından çəkinir. Ona görə ehtiyatla davranmağa çalışır”, – deyə siyasi şərhçi qeyd edib.

O hesab edir ki, sadaladığı amillər münasibətlərdə gərginlik yaratsa da, prosesin gedişatına ciddi təsir göstərməyəcək:

“Səbəb də Azərbaycanda Türkiyənin çox böyük nüfuzu var, həm də Ərdoğan üçün də Azərbaycan istiqaməti çox vacibdir, söhbət millətçilərdən gedir. Həm də Ərdoğanın regionda çox vacib rol oynamaq istəyi Rusiyanın maraqlarına cavab vermir. Bu mənada Bakı-Ankara münasibətlərinin bu gərginlik mərhələsini Moskvanın stimullaşdırdığını istisna etmirəm. Hər iki tərəfdə Kremlin birbaşa və təsir agentləri kifayət qədərdir”.

Zahid Oruc: “Zəfərimizin həqiqi müəllifini söyləyəndə Ərdoğanın, Tokayevin, Caparovun, yaxud Orbanın nüfuzunu azaltmırıq, əksinə artırırıq…”

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, 44 günlük müharibə günlərində qlobal erməniçiliyin və Ermənistanın himayədarlarının ölkəmizə qarşı apardığı genişmiqyaslı hibrid savaşın birinci tezisi Azərbaycan ordusunun qazandığı uğurları Yaxın Şərqin muzdlu hərbi birləşmələrinə bağlamaq idi:

Böhtanları yüksək tribunalardan səsləndirən dövlətlər, siyasətçilər indi Rusiya-Ukrayna savaşında döyüşən on minlərlə beynəlmiləl silahlı qüvvələri “görmürlər”. Ötən 4 ildə aparıcı dövlətlərin kəşfiyyat dosyelərində, Bellingcat və digər platformalarda, məxfi xidmət orqanlarının tribunasına çevrilən Lindsey Snell və onlarla digər jurnalistin bizi hədəf seçən gündəlik dezinformasiylarında sözügedən iddialar təsdiqini tapmadı. İkinci istiqamət Türkiyə ordusunun generaliteti və instruktorları ilə bağlı tüğyan edən, hətta bir-biri ilə hazırda düşmən Amerika-Rusiya və Qərb mediasında Qarabağın döyüş meydanlarında Azərbaycan ordusu ilə yanaşı, türk hərbi qüvvələrinin iştirakına dair gündəlik rejimdə aparılan çirkli kampaniya idi. Xatırlayırsınızsa, pandemiyanın pik vaxtında hətta Mərkəzi Kəşfiyyat İdarəsinin belə ölkəmizin ermənilərin təxribatına cavab olaraq, genişmiqyaslı hərbi əməliyyatlara başlayacağına inanmadığına dair şübhə doğurmayan mövqeləri yayıldı, Ağ Evə belə dosyelərin verilmədiyi haqda mötəbər məlumatlar dərc olundu”.

“Qafqazda fırtına” adlı əsərdə nüfuzlu beynəlxalq ekspertlər vurğulayırdılar ki, Azərbaycan nəinki hərbi və iqtisadi cəhətdən düşməndən bir neçə qat güclüdür, o cümlədən, savaşa atılmaq üçün seçdiyi vaxt və dünyada mövcud geosiyasi konyunkturanı düzgün nəzərə alması Qələbənin başlıca səbəblərindən olub. Silsilə iftiralardan biri də döyüş meydanlarında ermənilərin ardıcıl məğlubiyyətini, çətin coğrafi şəraitdə milli ordumuzun qəhrəmanlıqlarını inkar edib, müharibəni qlobal razılaşmaların, yaxud Türkiyə, Rusiya və Azərbaycan arasında strateji sövdələşmənin nəticəsi kimi qələmə vermək idi. Göründüyü kimi, dövlətimizin uzun illər Ermənistanı iqtisadi, mədəni, siyasi, diplomatik, informativ və güclü ordu quraraq, sonda düşməni hərbi məğlubiyyətə uğratdığını inkar edən qlobal şəbəkənin əsas məqsədi qələbəmizi əlimizdən almaq, onu 2-ci və ya 3-cü dövlətlərin xidmətinə yazıb özgəninkiləşdirmək və nəticədə, xalqımızın tarixi zəfərini mənimsəmək istəyirdilər. Ermənilərin 30 il ərzində apardığı dünyəvi kampaniya və mif quruculuğu – Qafqazın güclü ordusu və dünya millləti nəzəriyyəsini ayaqda saxlamaq, onu puç olmağa qoymamaq üçün ən müxtəlif dövlətlərin qeyri-rəsmi səfərbərliyi ortadadır”, – deyə deputat qeyd edib.

“30 iyulda Rəcəb Tayyib Ərdoğanın AKP-nin Rizə toplantısında səsləndirdiyi “Qarabağa və Liviyaya girdiyimiz kimi, bunun bənzərini onlara da edə bilərik”, bəyanatının əsas hədəfi Fələstin xalqı ilə həmrəylik və anti-İsrail mövqeyi olsa da, uzun illər, “Qələbəni Azərbaycan qazanmayıb”, deyən və “1 milyonluq türk ordusu qarşısında biz nə edə bilərdik”, təbliğatçıları dirildilər. İki qardaş ölkənin münasibətlərinə çoxdan zərbə vurmaq istəyənlər, bölgədə geosiyasi inqilabi qəbul etməyib sülh danışıqarında moderator adı ilə sərhəddə müşahidə missiyasi libasında kəşfiyyat qrupu yerləşdirən NATO dövlətləri inhisarlarında olan media quruluşları ilə son 3 gündə fəal şəkildə Türkiyə rəhbərinin açıqlamasını müharibənin nəticələrinin təftişi istiqamətində istismar edirlər. Ona görə də “Azərbaycan qəzeti”nin təhlil yazısının əsas məqsədi 4 il əvvəl apardığımız müharibədə iki dövlətin hərbi-siyasi rolunu nəinki aydınlaşdırmaq, yaxud zəfərimizi qardaşlarımızdan qorumaq, iki liderin birincisinə – öz milli liderimiz İlham Əliyevə üstünlük qazandıraraq digərinə aşağı yer vermək və beləliklə, düşmənlərə arqument qazandırmaq deyil, tam əksinə, bütün tezisləri parlaq, 21-ci əsrdə hələ ki, tək olan Qələbəmizi haqlı olaraq, Ulu öndərin adı ilə bağlı olan kursa, Ali Baş Komandanın liderliyi ilə millətimizin hər bir sıra nəfərini və ordumuzu müqəddəs müharibəyə 17 ildə hazırlamağa, 3 əsrlik məğlubiyyət silsiləsini durdurmağa, qaçqınlıq və köçkünlük sindromuna son qoymağa, eləcə də bizə o dövrdə mənəvi-siyasi dəstək verən dövlətlərə, Türkiyə və Azərbaycan arasında son bir əsrdə tale və can birliyinə son dərəcə qədirbilən, təvazökar şəraitdə və haqqımızı başa vurmadan, obyektiv, balanslı nəzərə salmaqdan ibarət olub. Ona görə də, ermənilər belə təhlilləri “ura” ilə qarşılayıb, birliyə zərbə vurduqlarından sevinməsinlər”, – Zahid Oruc belə deyir.

Onun fikrincə, qələbəni hifz etmək, keşiyində durmaqda iqtidar və müxalifət ayrıseçkiliyi olmamalıdır:

“Nə qədər müasir silahlara sahib olsaq da, bayrağı sancan, torpağı azad edən əsgərdir”, deyən İlham Əliyevin hətta özünün qlobal liderliyini, bütün beynəlmiləl savaşlara yol vermədən, son 4 ildə regional və beynəlxalq təhlükələri düzgün dəyərləndirib bölgəmizdə hərbi toqquşmalara yol vermədən, Qarabağ üzərində tam və qəti qələbə qazanması müstəsna olaraq, Azərbaycan dövlət başçısının, millətimizin və ordumuzun xidmətidir. Əgər bizim iradəmizdən kənarda belə polemikalara cəlb olunmuşuqsa, bütün ölkəmizi bürüyən türk və pakistanlı bayraqlarını kimsə döyüş meydanlarında canını verən azərbaycanlı şəhidlərdən uca yerdə göstərməsin. Məgər gerçəkləri söyləyəndə, haqlı mövqeyimizi Ankarada, Bişkekdə, Astanada, yaxud bütün islam paytaxtlarında kimsə kədərlə qarşılayıb deməlidilər ki, nədən həqiqəti öz adı ilı çağırırsınız? Qardaşlıq qan, din və mədəni bağlardan çox, ilk növbədə, haqqın, ədalətin üzərində inşa olunan birlikdir. Bizim qələbəmiz azadlıq tərəfdarı olan bütün xalqların və dövlətlərindir, lakin canını və qanını verənlərin mərtəbəsi və haqqı mənəvi səngərdə olanlardan ucadır.

Foto: Zahid Orucun şəxsi arxivindən
Zahid Oruc

50-dən artıq dövlətin 300 milyard dollardan artıq hərbi, maliyyə, humanitar yardımı ilə Rusiya qarşısında hələ də ağır torpaq və fiziki itkilər verən qəhrəman Ukrayna xalqının acı taleyi sübut edir ki, lider amili və milli ordunun savaşını heç bir dünya hökmdarı, jandarm dövləti, müttəfiq qüvvəsi, legioner birləşməsi və hərbi ittifaqı əvəz etmir”.

Deputat deyir ki, Türkiyə dövlət başçısının açıqlamasından tutarqa kimi: “Görürsünüz azərbaycanlılar bizə döyüş meydanında qalib gəlməyiblər”, – deyə nəticə çıxaran militarist ermənilər növbəti faciəyə can atırlar:

“90-cı illərdə Azərbaycana əl uzatmağa risq etməyən Süleyman Dəmirəl və digər türk liderlər 2020-ci ildə sağ olsaydılar, tərəddüdsüz ölkəmizin müharibədə müdafəsinə qalxardılar. Çünki 24 milyard dollardan artıq investisiyanı qardaş ölkəyə yatıran, strateji layihələrlə Türkiyəni gücləndirən və onlarla regional-beynəlxalq gərginlik zamanı Ankaranın əsl siyasi qoruyucusu olan Azərbaycan dövləti qazandığı hərbi qələbələrlə bütün türk dünyasının beynəlxalq gücünü və siyasi çəkisini artırıb. Kim belə uğura şərik olmaqdan imtina edər? Biz zəfərimizin həqiqi müəllifini söyləyəndə Ərdoğanın, Tokayevin, Caparovun, yaxud Orbanın nüfuzunu azaltmırıq, əksinə artırırıq. Lakin 30 il əvvəlki işğala heç kəs sahib olmaq istəməz. Son 20 ildə bir ölkənin prezidenti millətini toparlayıb ordusu ilə qalibiyyətə gətiribsə, qələbənin birinci, müstəsna və şəriksiz müəllifi odur. Müharibə 17 il, üstəgəl 44 gündə baş verib. Ona görə bütün tribunalardan deməliyik: Konrad Adenauerin kiçik nailiyyətlərlə əsasını qoyduğu və soyuq savaşı qazanıb birləşən Almaniyadan fərqli olaraq, Azərbaycan hərbi meydanlarda qan tökərək bütövləşib. Biz müasir silahları, təyyarələri peşəkarlıqla idarə edən, Şuşanı və Xankəndi zirvəsini döyüş əməliyyatları ilə qazanan oğullarımızın yanında Türk Dövlətləri Birliyinin əsgərlərinin, Qərb qoşunlarının, yaxud Kollektiv Müqaviləçilərin olmasına yol verməyərək, 3-cü Dünya savaşından yayına bilmişiksə, bunu yalnız alqışlamaq gərəkdir. Ona görə Prezident: “Qlobal layları tərpətmişik”, – deyir. İndi azad torpaqlara “Marşal planı” elan edib milyardlarla yardım göstərən türk-islam birliyini gerçəkdən yanımızda görmək istərdik. Bəli, məhz dinc quruculuqda. 30 ildir ki, işğala məruz qalan ərazilərə bizim kimi təkcə bir ölkə 100 milyon dollarlıq yardım göstərsəydi, beynəlxalq donor konfrasları keçirib bütün dünyadan kömək almaq olardı. Təəssüf ki, onlar yoxdur, bir məktəbə görə millətəmizin üstünə kimsə haqq qoya bilməz. 1.2 trilyon dollarlıq ÜDM-ə, 152 milyonluq əhaliyə malik bir coğrafiya Belarus dövləti qədər açıq və prinsipial şəkildə qələbəmizin beynəlxalq legitimliyinə dəstək verməlidir”.

Zahid Orucun sözlərinə görə, uzaq Afrikaya daxil olan türk ordusu qlobal savaş səbəbindən hələ də bütöv və vahid Liviyaya nail ola bilmir:

Ölkənin güclü lideri olmayanda və etnik, siyasi, hərbi parçalanmadan əziyyət çəkəndə Tripolidə bir, Benqazidə başqa rəhbər hökmranlıq edəcək. Qardaş ölkənin müharibədən sonra Ağdamda Monitorinq Mərkəzində olmasını yüksək qiymətləndirməklə bərabər, Cənubi Qafqazda yaratdığımız yeni qüvvələr nisbəti ilə yanaşı, bir daha tarixə üz tutaraq, deyək ki, Çanaqqala savaşında və Bakının azadlığı uğrunda şəhid olanların şərəfli qəhrəmanlıq salnaməsi 44 günlük savaşda məhz Azərbaycan ordusu tərəfindən Qarabağda təkrarlanıb. Ona görə də ümidvarıq ki, türk dünyasında qələbəməzin öz adı ilə tarixə düzgün yazılmasında, dərsliklərə və ədəbiyyata daxil edilməsində hamı obyektivlik göstərəcək”.

Editor

Related Posts