Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Taksi sürücülərinin Xatirə Muzeyinə ekskursiyası təşkil olunub

Muxtar respublika sakinlərinə, eləcə də diyarımıza gələn qonaqlara nümunəvi nəqliyyat xidməti göstərilməsi məqsədilə taksi sürücüləri muzey və tarixi abidələrimiz barədə ətraflı məlumatlandırılırlar. Sürücülərin ekskursiyası Naxçıvan şəhərindəki Xatirə Muzeyinə olub.

Ekskursiya zamanı bildirilib ki, muzey ermənilər tərəfindən törədilən soyqırımı qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsini əbədiləşdirmək məqsədilə 2000-ci ildə yaradılıb. Ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri dəhşətli cinayətlərin izləri muzeydə nümayiş olunan eksponatlarda öz əksini tapıb. Döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar mühafizə və nümayiş etdirilir.

Qeyd olunub ki, 20 Yanvar faciəsi ərəfəsində Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərinə də erməni silahlılarının işğalçı hücumları olub. Xatirə Muzeyində həmin illərdə Bakıda və Naxçıvanda baş verən hadisələri əks etdirən çoxsaylı eksponatlar mövcuddur. Həmçinin burada şəhidlik zirvəsinə ucalan Vətən oğullarının fotoşəkilləri, şəxsi əşyaları da nümayiş etdirilir.

Sürücülər eksponatlarla yaxından tanış olub, Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilən Zəfər guşəsini maraqla qarşılayıblar.

admin

Related Posts