Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Feysbukda səhifələrimi oğurlayıb trolluq edirlər”

“Feysbukda səhifələrimi oğurlayıb trolluq edirlər”

“İki aydır mənə məxsus (“Qəmiş” və “Zəfəran”) feysbuk səhifələri profilimə müdaxilə ilə oğurlanıb. DİN, Baş Prokurorluq və DTX-yə müraciət etmişdim. DİN rəsmisi Elşad Hacıyev bildirmişdi ki, “Meta” şirkətinə müraciət edərək problemi həll edə bilərəm, başqa cür DİN-in imkanı yoxdur. Baş Prokurorluğun mətbuat xidmətinin əməkdaşı Kənan Zeynalov isə quruma yazılı müraciət etməyimi istədi, yazıb göndərdim, yazılan müraciətə bu müddətdə ümumiyyətlə baxılmayıb. DTX-dən isə bildirildi ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edim”.

Bu barədə jurnalist Rasim Məmmədli sosial şəbəkə hesabında yazıb.

“Ortada kibercinayətkarlıq var, amma hüquq-mühafizə orqanları reaksiya vermir. Faktiki olaraq səhifələrdə eyni paylaşımlar edilir. Əvvəlcə layk üçün bayağı paylaşımlar edildi. Hiss etdirməməyə çalışırlar, amma məndən oğurlanan səhifələr həm də trolluq üçün istifadə olunur. Belə olan halda adamda şübhə yaranır. Bir müddət əvvəl hüquqşünas Ələsgər Əhmədoğlu da paylaşım edərək bildirmişdi ki, onun şəxsi feysbuk hesabına müdaxilə edilərək Toplum TV-nin izləyicilərini siliblər. Ələsgər müəllim qeyd etmişdi ki, bu hadisə “Azercell”lə əməkdaşlıq şəraitində baş verib. Həmçinin yazmışdı ki, onun mobil telefonuna gələn mesaj paralel ondan əvvəl oxunub və sistemə giriş baş verib.

Eynilə mənim mobil telefonuma gələn mesaj da məndən əvvəl oxunaraq profilə girilib”, – R.Məmmədli qeyd edib.

Məsələ ilə bağlı hüquqşünas Ələsgər Əhmədoğlu (Məmmədli) Yeniavaz.com-a bildirdi ki, bunu qiymətləndirmək çətin məsələdir:

“İstənilən bu cür kompüter texnikasına müdaxilə, kibercinayətkarlıqla məşğul olmaq cinayət məsuliyyəti yaradır. Hüquq-mühafizə orqanları cinayət işi açıb bu işi araşdırmalıdırlar. Bəlkə də, əllərində olan resurs imkanları məhduddur.

Digər bir məsələ, bunda məqsəd nədir? Siyasi bir məqsəddir, yoxsa başqa məqsəddir. Bunu müəyyən etmək o qədər də asan deyil. Ola bilər ki, bunu sırf sizin rəqibiniz də edə bilər. Və yaxud da sizin yazdığınız yazını xoşlamayan, texniki imkanları üstün olan biri də edə bilər. Həmçinin planlaşdırılmış bir qrup da edə bilər. Bunu müəyyən etməyin ən yaxşı yolu texniki təqiblə izləməkdir – bu harada, hansı kompüterdə, IP-də, necə baş verib. Bunu da müəyyən edəcək orqan ancaq rəsmi dövlət qurumlarıdır. Onların əlində bütün bu informasiyalar mövcuddur.

Siz özünüz təxmin edə bilərsiniz ki, hücum haradan olub. Çünki siz bilirsiniz ki, sizin siyasi, hüquqi, etik yanaşmanız necədir.

Əgər araşdırmalar nəticə vermirsə, hüquq-mühafizə orqanları susqun qalırsa, o zaman həm də burda bir anlayış ortaya çıxır ki, deməli, araşdırmaq istəmirlər. Onlara demək olmaz ki, araşdırmaq istəmirlər. Amma istənilən halda dünyada belə bir anlayış mövcuddur: hər hansı bir cinayəti açmaq hüququ, vəzifəsi olan tərəf açmırsa, hətta istəməsə belə, onun üzərində qalır. Ona görə açılmayan istənilən cinayət nəticə etibarilə hüquq-mühafizə orqanlarının mənfi, qara xəttinə yazılır. Ya özləri maraqlı olmur, ya qabiliyyətsiz olub aça bilmirlər, hər iki halda da məsuliyyət daşıyırlar”.

Editor

Related Posts