Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Əcnəbi tələbələr Ordubad muzeyləri ilə tanış olublar

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikada təhsil alan əcnəbi tələbələrin Ordubad rayonundakı muzeylərə ekskursiyası təşkil olunub.

“Naxçıvanı tanıyaq” devizi altında təşkil edilən ekskursiyada Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetində təhsil alan 29 əcnəbi tələbə iştirak edib.

Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində olan iştirakçılara məlumat verilib ki, XVII əsrə aid tarix-memarlıq abidəsi olan Qeysəriyyə binasında fəaliyyət göstərən muzey 150 eksponatla fəaliyyətə başlayıb. Hazırda isə bu mədəniyyət ocağında 4 mindən artıq eksponat mühafizə və nümayiş olunur. Muzeyin fondunda 3679 eksponat var. 2022-ci ildə fonda 113 yeni eksponat daxil olub. Muzeydə Ordubadın qədim tarixini, zəngin mədəniyyətini, özünəməxsus adət-ənənələrini özündə əks etdirən və bu yurdun yetirdiyi tarixi şəxsiyyətlər barədə eksponatlar əcnəbi qonaqların böyük marağına səbəb olub. Burada həmçinin Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə ayrıca guşə də yaradılıb.

Görkəmli maarifpərvər ziyalı Məhəmməd Tağı Sidqinin Ordubad şəhərindəki ev muzeyində olan iştirakçılara məlumat verilib ki, muzey görkəmli pedaqoqun həyat və yaradıcılığının öyrənilməsi və təbliği məqsədilə 2015-ci ildə istifadəyə verilib. 3 sərgi salonundan ibarət muzeydə görkəmli maarifçinin və oğlu Məhəmmədəli Sidqinin həyat və yaradıcılığı ilə bağlı sənədlər, istifadə etdiyi şəxsi əşyaları, əlyazmaları və ailə şəkilləri sərgilənir.

Görkəmli ədib Məmməd Səid Ordubadinin ev muzeyi ilə tanışlıq zamanı bildirilib ki, 1972-ci ildə yaradılan muzey 3 sərgi salonundan ibarətdir. Roman ustasının həyat və zəngin yaradıcılığını əks etdirən fotoşəkillər, müxtəlif sənədlər, xatirə əşyaları, portretlər, məktub və əlyazmaları əcnəbi tələbələrdə maraq doğurub.

Əcnəbi tələbələr kimyaçı alim, akademik Yusif Məmmədəliyevin Ordubad şəhərindəki ev muzeyini də ziyarət ediblər. Bildirilib ki, 1975-ci ildən fəaliyyət göstərən muzeydə akademikə məxsus kitablar və şəxsi əşyalar sərgilənir. Görkəmli alimin kimya elminə gətirdiyi yeniliklər, xüsusilə II Dünya müharibəsinin gedişinə mühüm təsir göstərən ixtiraları barədə verilən məlumatlar qonaqlarda zəngin təəssürat yaradıb.

Sonda qonaqlar üçün “Dübəndi” ailəvi istirahət mərkəzində çay süfrəsi təşkil edilib.

admin

Related Posts