Today Cümə, 18th Oktyabr 2024
Birinci 24

Birinci 24

Region ölkələri bir arada: “3+3” formatı İstanbulda

Region ölkələri bir arada: “3+3” formatı İstanbulda

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 18-də Türkiyə, İran, Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin İstanbulda “3+3” formatında keçirilən görüşündə xarici qüvvələrin regiondakı fəaliyyətdən danışıb.

Bayramov qeyd edib ki, regionda xarici qüvvələrin təhlükəli proqramları genişlənir:

“Regional fəaliyyət və dialoq xarici qüvvələrin regionda öz təhlükəli proqramlarını genişləndirməsi, o cümlədən militarizasiya, geosiyasi eskalasiya və Cənubi Qafqaz bölgəsində ayırıcı xətlərin proyeksiyasını fonunda daha da vacib hala gəlir”.

Onun sözlərinə görə, müasir şəraitdə region dövlətlərinin əhəmiyyəti və regional təhlükəsizliyin ayrılmaz konsepsiya kimi tanınması zərurətə çevrilib.

Bayramov onu da qeyd edib ki, yaxın vaxtlarda Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını İran ərazisilə birləşdirəcək kommunikasiyalar tamamlanacaq.

Ermənistanla münaqişədən və Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Bakı Ermənistanla davamlı sülh prosesini irəlilətmək əzmini təsdiqləyir:

“Sülh prosesi yolunda duran maneələrin və hər şeydən əvvəl Ermənistanın təcavüzünün təkrarlanmayacağına, sülhün daxili siyasi və hüquqi vəziyyətdən asılı olmayacağına zəmanət verən konstitusiya dəyişikliklərinin aradan qaldırılması vacibdir”.

O, daha sonra əlavə edib ki, davamlı sülh quruculuğunu təxirə salan, cari problemlərə məhəl qoymayan Ermənistan tərəfindən “natamam sülhün” təşviqi “gizli gündəliyin” mövcudluğundan xəbər verir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə çıxışında Ermənistanla Türkiyə arasında Gümrü-Qars dəmir yolunun işə salınmasının zəruriliyini açıqlayıb.

Onun fikrincə, Ermənistan tərəfi Ermənistan-Türkiyə sərhədində Marqara sərhəd nəzarət-buraxılış məntəqəsinin tikintisini və texniki təchizatını başa çatdırıb.

“İrəvan və Ankara Gümrü-Qars dəmir yoluyla sərhədi keçmək üçün texniki tələbləri birgə qiymətləndirmək və hava daşımalarına qarşılıqlı qadağaları ləğv etmək barədə razılığa gəliblər”, – deyə ermənistanlı nazir vurğulayıb.

Mirzoyan hesab edir ki, Ermənistan və Türkiyə arasında dəmir yolu Ermənistan və Azərbaycan arasında dəmir yolu ilə birlikdə Fars körfəzi ilə Qara dəniz, Xəzər və Aralıq dənizləri arasında effektiv əlaqəni təmin edəcək.

“İrəvan Bakıya sərhəd keçidini və gömrük prosedurlarını sadələşdirməyi, həmçinin iki ölkənin suverenliyinə və yurisdiksiyasına hörmət edilməklə əlavə təhlükəsizlik mexanizmlərinin təmin olunmasını təklif edir”, – Mirzoyan fikrini belə yekunlaşdırıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Rusiya, Türkiyə və İran Azərbaycanla Ermənistana sülh sazişi üzərində işi tamamlamaq üçün “3+3” platformasından istifadəni təklif edir:

“Ermənistan və Azərbaycan arasında münasibətlərdə problemlər qalır. Bu gün biz bu barədə də çox danışdıq. Biz də, Türkiyə və İran da həmkarlarımıza sülh sazişi üzərində işi tamamlamaq üçün “3+3″ platformasından istifadə etməyi təklif etdik”.

“Razılaşmaq mümkün olan platforma “3+3” formatıdır. Əgər onlar birbaşa razılaşa bilsələr, buna sevinərik. Artıq dediyim kimi, bu gün biz təklif etdik ki, “3+3″ platformasından istifadə etsinlər. Bu, təbii olardı. Nəzərə alsaq ki, məhz bu formatda qonşular, Ermənistan və Azərbaycan görüşür. Amma təkrar edirəm, bunu Bakı və Yeravan özləri həll etməlidir”, – deyə o qeyd edib.

Editor

Related Posts