“Reuters” və “Ipsos”-un birgə keçirdikləri sorğunun nəticələrinə görə, ABŞ-ın vitse-prezidenti Kamala Harris nəzəri seçki qarşılaşmasında keçmiş prezident Donald Trampdan az fərqlə irəlidədir – respondentlərin 46%-i onu, 43%-i Trampı dəstəklədiyini bildirib.
15-19 oktyabr aralığında 1500 qeydiyyatdan keçmiş seçici arasında keçirilmiş sorğunun nəticələri geniş miqyaslı seçici məyusluğunu əks etdirir. Xüsusilə inflyasiya və artan yaşam xərcləri bir çoxları üçün əsas narahatlıq olaraq qalır. Respondentlərin təxminən 60%-i ölkənin səhv yolla irəlilədiyini, yarıdan çoxu isə öz gələcəkləri sarıdan narahat olduqlarını bildiriblər.
Harrisin seçki kampaniyası iqtisadi dirçəliş və sosial proqramların genişləndirilməsi məsələlərinə yönəlib, Trampsa konservativ dəyərləri və “Amerikanı bərpa etmək” platformasını vurğulamağa davam edir. Hər iki namizəd seçkilərin nəticəsini müəyyənləşdirəcək tərəddüdlü ştatlardakı seçiciləri öz tərəfinə cəlb etməyə çalışır.
Sorğu ABŞ seçiciləri arasında davamlı ikiyə bölünməni və demoqrafik faktorlar üzrə kəskin fərqləri üzə çıxarıb. Harris gənc seçicilərdən, qadınlardan və rəngli dərili insanlardan güclü dəstək alır. Tramp isə yaşlı, ağ və kənd yerlərində yaşayan seçicilərin sevimlisidir. Partiyalar üzrə bölünmə isə əsas faktordur – demokratların 85%-i Harrisi, respublikaçıların 82%-i Trampı dəstəkləyir.
Bu yarışda həlledici rolu tərəfsiz seçicilər oynayır. Sorğunun nəticələri göstərir ki, onların az bir hissəsi Harrisə üstünlük versə də, bir çoxu hələ də qərarsızdır və ya prosesə tamamilə biganədir.