Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Hüseyn Cavid yaradıcılığı fəlsəfi və ideoloji baxımdan təhlil olunub

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş Filologiya ixtisası tələbələrinin iştirakı ilə görkəmli şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 140 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev bildirib ki, H.Cavidin yüksək fəlsəfi və ideoloji kamilliyə malik bənzərsiz əsərləri Azərbaycan ədəbiyyatı tarixində xüsusi bir mərhələ təşkil edir. O, əsərlərində təbliğ etdiyi türkçülük ideologiyasını, aşıladığı turan sevdasını, humanizm ideyalarını özü üçün ən böyük təhlükə hesab edən sovet hakimiyyətinin repressiya siyasətinin qurbanı olub. 1982-ci ildə ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə dahi söz ustadının nəşinin uzaq Sibirdən doğma yurduna gətirilməsi H.Cavid irsinə bəslənən sevginin ifadəsi, əsrarəngiz yaradıcılığına göstərilən diqqətin başlanğıcı idi. Sonrakı dövrlərdə şairin 120, 130 illik yubileylərinin ölkə səviyyəsində qeyd olunması, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə muxtar respublikada “Hüseyn Cavid poeziya günləri”nin keçirilməsi, bu il ölkə başçısının “Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında” imzaladığı Sərəncam, həmin Sərəncamın icrası məqsədilə Ali Məclisin Sədri tərəfindən təsdiq olunan Tədbirlər Planı dahi şəxsiyyətin bədii irsinə göstərilən ehtiramın təcəssümüdür.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı – Hüseyn Cavid” mövzusunda etdiyi məruzədə görkəmli dramaturqun həyatı, zəngin yaradıcılığı təhlil olunub, onun lirik və dramaturgiya yaradıcılığının mühüm cəhətlərinə diqqət çəkilib. Vurğulanıb ki, bənzərsiz əsərləri dünya klassikləri ilə səsləşən H.Cavid yaradıcılığı humanizm ideyalarının təbliğinə, qəbul olunan düşüncə və təmayüllərin özünəməxsus ifadə üslubuna görə fərqlənir. Dramaturqun “Ana”, “Şeyx Sənan”, “Topal Teymur”, “İblis”, “Xəyyam”, “Uçurum”, “Afət”, “İblisin intiqamı” və başqa əsərlərini xatırladan tədqiqatçı qeyd edib ki, H.Cavidin İblis obrazı dünya demonizm ədəbiyyatında xüsusi mövqeyə malikdir ki, bu da dramaturqun zəngin təxəyyülündən və mükəmməl təsvir bacarığından qaynaqlanır.

Tədbirdə “Hüseyn Cavidin “Azər” poemasında bəşəri problemlər: Şərq və Qərb kontekstində”, “Hüseyn Cavidin “İblis” əsərinə bir baxış” mövzularında da çıxışlar dinlənilib. Tələbələr böyük şairin lirik şeirlərini bədii qiraət ediblər.

admin

Related Posts