Hazırda Azərbaycanın təşəbbüsü ilə Ermənistanla sülh sazişi layihəsi üzrə aparılan ikitərəfli danışıqlarda vacib irəliləyişlər əldə olunub.
Birinci24.com xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin 8 Noyabr – Zəfər Günü münasibətilə yaydığı bəyanatda belə deyilir.
Amma bu da qeyd olunur ki, danışıqların irəliləməsinə baxmayaraq, sülh prosesinin uğurla yekunlaşmasının qarşısında duran çağırış və təhdidlər hələ də qalmaqdadır.
“Xüsusilə, Ermənistanın Konstitusiyasında ölkəmizə qarşı davam edən ərazi iddiaları, habelə bu ölkəni yenidən hərbi təcavüzə sürükləyən tərəflərin mövcudluğu fonunda Ermənistanın hərbiləşməsi davamlı sülh üçün maneədir”, – XİN bildirir.
Bəyanatda Şuşanın işğaldan azad edilməsilə Azərbaycan və region üçün yeni dövrün başlanğıcının qoyulduğu ifadə olunur və 44 günlük müharibədə Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərinin, o cümlədən 300-dən çox yaşayış məntəqəsinin işğaldan azad olunduğu yada salınır. Bundan başqa, Şuşa zəfərinin Kəlbəcər, Ağdam və Laçın rayonlarının 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı ilə Azərbaycana qaytarılmasını təmin etdiyi vurğulanır.