Today Şənbə, 14th İyun 2025
Birinci 24

Birinci 24

Əliyevdən Borrelə cavab: “Əgər biz cəngəlliyiksək, bizim daxili işlərimizə qarışmayın!”

Əliyevdən Borrelə cavab: “Əgər biz cəngəlliyiksək, bizim daxili işlərimizə qarışmayın!”

Noyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxış edib. 

O, Fransa və Hollandiyanı kolonial siyasətdə ittiham edərək adıçəkilən ölkələrin dənizaşırı ərazilərinin, xüsusilə də Sakit Okean və Karib adalarında olan ərazilərin çox böyük, ciddi çətinliklərlə üzləşdiklərindən danışıb.

Əliyev həmin dövlətlərin səslərinin Metropoliya hakimiyyət orqanları tərəfindən kobud şəkildə təqib edildiyini, əsrlər boyu Parisin onların təbii sərvətlərini talan, əhalisinə zülm etdiyini bildirib. 

Azərbaycanın dövlət başçısı baş verənlərə görə Fransanın tənqid olunmamasına diqqət çəkib: “Bütün bunlardan sonra Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də Avropa Şurası tərəfindən ittiham olunmayıb. Bu, siyasi riyakarlığın göstəricisidir. Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası siyasi korrupsiyanın rəmzidir”.

Daha sonra İ.Əliyev “Fransanın bütün siyasi məhbuslarının” azad edilməsini tələb edib.

Əliyev Jozep Borrelin Avropanı bağ, dünyanın qalan hissəsini cəngəllik adlandırmasına da münasibət bildirərək nitqini belə tamamlayıb:

“Avropanın aparıcı diplomatı Jozep Borrel Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasından nə gözləmək olar. Yaxşı, əgər biz cəngəlliyiksək, o zaman kənarda durun və bizim daxili işlərimizə qarışmayın!”

Əliyev haqqında danışdığı ölkələrə azadlıq və müstəqillik uğrunda mübarizədə daha çox dəstək verəcəyini vəd edib.

Əliyevin dediyi “məzlum ölkələrin” və zalda iştirak edən digər dövlətlərin bir çox nümayəndəsi onu alqışlamayıblar. Bu funksiyanı zalı dolduran çoxsaylı azərbaycanlı könüllülər və rəsmi şəxslər öz üzərinə götürüblər. 

Editor

Related Posts