Bakıda keçirilən COP29 tədbirləri çərçivəsində fəhlə kimi işləyən İsmayıl Cəfərli noyabrın 18-də etiraz aksiyası keçirib. Onun sözlərinə görə, işə başlayanda onlara gündəlik 8 saatlıq iş müqabilində 20 manat və üstəlik də bonus ödəniləcəyi vəd edilib. Amma noyabrın 17-də onlara günaşırı işləyəcəklərini bildiriblər.
“Burda ən aşağı əmək haqqı ilə işlədilən bizik. Əməyimiz istismar edilir. Bizə nə normal maaş, nə də vəd edilən bonusu verirlər. Tək mənim yox, 100-dən yuxarı işçinin hüquqları pozulur…”
Yerli mühafizəçi çox çalışsa da İsmayıl Cəfərlini zaldan çıxara bilməyib.
Çıxışına davam edən gənc bu aksiyadan sonra yaxınlarına, özünə təzyiqlər olacağını istisna etməyib: “Bu gündən sonra məni işdən çıxaracaqlar. Təzyiq göstərəcklər mənə. Buna rəğmən, 500 işçi var, onlar tələbədirlər. Onların haqları istismar olunur. Bu uşaqlar köləliyə gəlməyib, istismar olunurlar…”
8 dəqiqəyə yaxın aksiya keçirən etirazçını COP29-un keçirildiyi məkandan BMT-nin mühafizəçiləri çıxara biliblər.
Az sonra məlum olub ki, onun tədbirə akkreditasiyası ləğv edilib, özü isə sərbəst buraxılıb. COP29-un təşkilatçısı olan Azərbaycan hökumətinin rəsmiləri İsmayıl Cəfərlinin tələbləri haqqında hələlik açıqlama verməyiblər.
İsmayıl Cəfərli həm də Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüdür.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu il Bakıda keçirilir. Noyabrın 11-də başlayan askiya bu həftə – noyabrın 22-də başa çatmalıdır.