Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Brüsselin mülki missiyası Ermənistan sərhədlərində ilk fəaliyyətə aşkar şübhələrlə başladı…

Brüsselin mülki missiyası Ermənistan sərhədlərində ilk fəaliyyətə aşkar şübhələrlə başladı…

Əhəd Məmmədli: “Avropanın heç bir nümayəndə missiyası Azərbaycanı öz haqlı mübarizəsində dayandıra bilməz”.

Avropa İttifaqının texniki qiymətləndirmə missiyasının nümayəndə heyəti Ermənistanın Vardenis (Basarkeçər) vilayətinin sərhəd kəndlərinə səfər edib. Nümayəndə heyəti, guya “Azərbaycanın təcavüzü nəticəsində ən çox zərər çəkən Vardenis sərhəd yaşayış məntəqələrində” olub.

Bu barədə erməni mediasına Qeqarkunik vilayətinin qubernatoru Karen Sarkisyan danışıb:

“Nümayəndə heyətini K.Sarkisyanın özü, Ermənistan Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun komandanı, polkovnik Vaqram Qriqoryan və Vardenis icmasının rəhbəri Aqaron Xaçatryan müşayiət edib. Missiya nümayəndələri Tretuk və Kutak kəndlərində olublar.

Polkovnik Qriqoryan 12 may 2021-ci il və 13 sentyabr 2022-ci il tarixlərində sərhəddə baş verənlər haqda məruzəni Aİ nümayəndə heyətinin üzvlərinə yerindəcə təqdim edib”.

Bəllidir ki, bu missiyanın fəaliyyətinə yalnız Ermənistan öz ərazisində icazə verib. Azərbaycan tərəfi isə belə missiyanın ərazisində fəaliyyəti ilə razılaşmayıb. Birtərəfli qaydada fəaliyyət göstərən missiyanın ilkin qərəzli addımlarından hiss edilir ki, onlardan obyektiv münasibət gözləməyə dəyməz.

Bunun sonu nə ilə nəticələnəcək?

Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Qərb bizə qarşı daima belə qərəzli olub: “Burada təəccüblü heç bir şey yoxdur. Qarabağ münaqişəsində, xüsusən də Azərbaycanın öz ərazilərini azad etmə prosesində 2020-ci il 27 sentyabr tarixindən başlayaraq, Qərb, bir tək Böyük Britaniyanı çıxmaq şərti ilə bütün cəhdlərlə Azərbaycana qarşı çıxdı. Xüsusən də Avropa Birliyi, Fransa, Niderland və digər Avropa ölkələri bu məsələdə canfəşanlıq edirdilər. Missiya nümayəndələrinə gəldikdə isə, bilirsiz ki, Azərbaycan əraziləri 30 ildir işğal altındadır. Azərbaycan bu müddətdə özü dəfələrlə müraciət edirdi ki, gəlin monitorinq aparın. Heç vaxt da bu müraciətə baxılmayıb. Amma bir azca Azərbaycan Ermənistanın ərazisinə yaxın sayılan coğrafiyada düşməni sülhə təhrik etmə hərbi əməliyyatı apardı, həmin an avropalılar Ermənistanın təklifini qəbul edərək, oraya missiya göndərdilər. Məlum məsələdir ki, missiya qərəzli olacaq, Ermənistan tərəfindən çıxış edəcək. Amma bu münaqişənin ədalətli sonlanmağına bunun heç bir töhfəsi olmayacaq. Əksinə, Avropa Birliyi, Avropa Şurası və digər təşkilatların Azərbaycanla münasibətlərini korlayacaq. Ermənilərin əsas məqsədi odur ki, onları ora çağırmaqla Azərbaycana qarşı bir çəmbər yaratsınlar. Azərbaycan bir daha hərbi əməliyyatlar etməyə risq etməsin. Çünki orda avropalılar var. Amma ermənilərin bu hesabı da yalnışdır. Avropanın heç bir nümayəndə missiyası Azərbaycanı öz haqlı mübarizəsində dayandıra bilməz”.

Ermənistan hökumətinin son iclası zamanı Baş nazir Nikol Paşinyan deyib ki, ehtiyac yarandığı təqdirdə Avropa İttifaqının (Aİ) Ermənistan-Azərbaycan sərhədindəki monitorinq missiyasının müddətinin uzadılması məsələsi müzakirə oluna bilər.

Paşinyan əlavə edib ki, monitorinq missiyasının işinin təşkil olunması üçün qrup artıq Ermənistandadır və yaxın zamanda 40 nəfərdən ibarət müşahidəçi qrupu 2 aylıq müddətə monitorinq aparmaq üçün gələcək.

Onun sözlərinə görə, Aİ monitorinq missiyasının müddətinin uzadılması və ya müddətsiz edilməsi təklifləri səsləndirilir: “Missiyanın müddətinin uzadılması məsələsində özüm də əmin deyiləm, lakin ehtiyac olarsa, bu məsələnin müzakirə olunacağı istisna deyil”.

Göründüyü kimi, Paşinyan Avropa missiyalarının bölgədə lövbər salmasında çox maraqlıdır.

Editor

Related Posts