Tramp Mark Zükerberqlə görüşüb

Tramp Mark Zükerberqlə görüşüb

“Facebook”-un yaradıcısı Mark Zukerberq və ABŞ-ın seçilmiş prezidenti Donald Tramp görüşüblər.

Birinci24.com xəbər verir ki, “Fox News” telekanalı bunu Trampın müşaviri Stiven Millerə istinadən yazıb.

Millerin sözlərinə görə, Zukerberq Trampın ABŞ-da və bütün dünyada həyata keçirmək istədiyi islahatları dəstəkləməyə hazır olduğunu bildirib. Miller əlavə edib ki, bu əməkdaşlıqda Zukerberqin öz maraqları var, amma o, Trampın ikinci dəfə prezident seçilməsinə “milli yenilənmə” fürsəti kimi baxır.

“Meta”nın sözçüsü “CBS News”-a verdiyi açıqlamada görüş faktını təsdiqləyib; bildirib ki, Zukerberq Trampın Floridadakı Mar-a-Laqo iqamətgahına şam yeməyinə dəvə edilməsini və onun komandasının üzvlərilə ünsiyyət imkanını yüksək qiymətləndirir.

2021-ci il yanvarın 6-da Kapitoliyə hücumundan sonra “Facebook” və “Instagram” Trampın paylaşımlarında zorakılığa təhrik olduğunu əsas gətirərək onun hesablarını bloklamış, 2023-cü ilin əvvəlində bəzi məhdudiyyətlərlə  bərpa etmiş, iyul ayında isə  “Meta” həmin məhdudiyyətləri aradan qaldırmışdı.

Tramp daha əvvəl demişdi ki, 2020-ci il prezident seçkiləri zamanı ona qarşı sui-qəsd hazırlayanlardan biri Zukerberq olub. 2024-cü ilin avqustunda çap olunmuş “Amerikanı xilas etmək” adlı kitabında Tramp yazıb ki,  koronavirus pandemiyası zamanı Zukerberq və həyat yoldaşı Prissilla Çan seçki komissiyalarına dəstək olmaq üçün iki qeyri-kommersiya təşkilatına 400 milyon dollardan çox ianə ediblər. Kitabda Tramp vəd etmişdi ki, Zukerberq yenə buna bənzər bir şey edərsə, “həyatının qalan hissəsini həbsxanada keçirəcək”.

Son seçkilər zamanı Zukerberq heç bir namizədi dəstəkləməyəcəyini, seçkiyə müdaxilə etmək fikrində olmadığını bildirib. Amma iyul ayında Pensilvaniyadakı mitinqdə Trampa sui-qəsd cəhdindən sonra Zukerberq onun atılan gülləyə reaksiyasını  indiyə qədər gördüyü “ən cəsarətli hərəkətlərdən biri” adlandırıb.

Avqust ayında Tramp “Fox News” telekanalına demişdi ki, Zukerberq ona zəng edərək səhvlərinə görə üzr istəyib. Respublikaçılar Partiyasının namizədi olan Trampa görə, Zukerberq bununla faktiki olaraq bəyan etmiş olub ki, demokratları dəstəkləməyi planlaşdırmır.

Editor

Related Posts