Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

“Məğlubiyyət kimi görünən bu vəziyyət müvəqqətidir” – Anar Məmmədli təcridxanadan yazır

“Məğlubiyyət kimi görünən bu vəziyyət müvəqqətidir” – Anar Məmmədli təcridxanadan yazır

“Əfsuslar olsun ki, 10 dekabr Beynəlxalq İnsan Hüquqları Gününün 75-ci ildönümü ölkəmizdə növbəti dəfə İnsan Hüquqlarının müdafiəsində böhranla müşayiət olunur”.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Bakı İstintaq Təcridxanasından Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə göndərdiyi məktubda belə yazır.

“Mövcud böhranın əsas göstəriciləri sırasında yüzlərlə vətəndaşımızın tənqidi fikirlərinə görə siyasi repressiyaya məruz qalması, dövlətin ifadə azadlığına barışmaz münasibəti, məhkəmə-hüquq sisteminin ədalətsizliyi, vətəndaşların ləyaqətli və firavan həyat arzusu ilə ölkədən kütləvi şəkildə köçməsi halları yer alır.

Belə acınacaqlı vəziyyətdə yeganə təsəllimiz insan hüquqlarını təbliğ və müdafiə edənlər arasında siyasi təkamül yolu ilə ölkəmizin dəyişəcəyinə inamın sarsılmamasıdır”, -SMDT rəhbəri bildirir.

Anar Məmmdəlinin qənaətincə, özünün haqları ilə yanaşı, başqalarının da hüquqlarını müdafiə edən vətəndaşların sayı tükənməyincə, Azərbaycanda insan hüquqları uğrunda mübarizə başa çatmayıb:

“Bu mübarizədə məğlubiyyət kimi görünən bu vəziyyət ötəri və müvəqqətidir. İnsan hüquqları uğrunda mübarizə sonu görünməyən davamlı prosesdir və bu prosesi hər gün yenidən başlamaq gərəkdir. Bu prosesə töhvə verən hər kəsə uğurlar arzulayıram!”

Anar Məmmədli bu il aprelin 29-da saxlanılıb. Ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Özü ittihamı rədd edir.

Bir sıra beynəlxalq təşkilatlar, ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Anar Məmmədlini dərhal azad etməyə çağırıb.

O, daha öncə 2013-cü il dekabrın 17-də həbs olunmuşdu. Həmin vaxt vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, seçki və referendumun nəticələrini saxtalaşdırmaqda ittiham olunan SMDT rəhbəri 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

O zaman da ittihamla razılaşmayan Anar Məmmədli 2016-cı il martın 17-də Prezidentin əfv sərəncamı ilə azadlığa çıxmışdı.

Anar Məmmədli 2014- cü il sentyabrın 29-da Avropa Şurasının Parlament Assambleyasının Vatslav Havel mükafatına layiq görülüb.

Azərbaycan rəsmiləri bir qayda olaraq ölkədə heç kimin siyasi fəaliyyətinə görə təqib olunmadığını bildirir, insan haqları sahəsində səslənən tənqidləri qərəzli hesab edir, ölkədə təməl hüquq və azadlıqların təmin edildiyini vurğulayır.

Editor

Related Posts