Sərhədsiz Reportyorlar təşkilatı Meydan TV əməkdaşlarının həbsini pisləyir və bunu Azərbaycanda “rejimin tənqidçilərinin susdurulması üzrə sistemli strategiya” kimi dəyərləndirir.
COP29-dan bir ay sonra hakimiyyətin jurnalistlərə qarşı repressiyaları bərpa etdiyini vurğulayan qurum hesab edir ki, Meydan TV-nin altı jurnalistinin saxlanılması Azərbaycan vətəndaşlarını məlumatlandırmağa cəsarət edənləri təqib etməyə hazırlığın növbəti sübutudur.
Sərhədsiz Reportyorlar Meydan TV əməkdaşlarının, həmçinin digər 13 jurnalistin də dərhal azad edilməsini tələb edir, beynəlxalq ictimaiyyəti təməl hüquqların belə ciddi şəkildə pozulmasına göz yummamağa çağırır.
Dekabrın 6-da Meydan TV-nin altı jurnalisti saxlanılıb, onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunurlar. Jurnalistlər bu ittihamları rədd edirlər və həbslərini korrupsiya araşdırmaları, tənqidi materiallar hazırlamaları ilə izah edirlər.
2023-cü ildən başlayaraq Azərbaycanda Abzas Media, Kanal 13 və Toplum TV-nin əməkdaşları da saxlanılıb.
Azərbaycan hakimiyyəti isə ölkədə söz azadlığının pozulması barədə tənqidləri qərəzli hesab edir, jurnalistlərin təqb edilmədiyini bildirir.