Today Bazar ertəsi, 10th Mart 2025
Birinci 24

Birinci 24

Məhkəmədə tələb: “Körpələri köməksiz qoyub mətbəxdə çay içən tibb bacıları həbs olunsun” 

Məhkəmədə tələb: “Körpələri köməksiz qoyub mətbəxdə çay içən tibb bacıları həbs olunsun” 

Üç aydır Bakı Ağır Cinayətlər Məhkəməsində bu ilin yanvarında körpələrin ölümüylə nəticələnmiş yanğınla bağlı məhkəmə keçirilir. İş hakim Leyla Əsgərova-Məmmədovanın icraatındadır. Hər dəfə vəsatətlər müzakirə olunduğundan, yaxud məhkəmə iclasları təxirə salındığından ittiham aktı elan edilməmiş qalırdı. Nəhayət, dekabrın 16-da prokuror ittiham aktını elan edib. 

Məhkəmə qarşısında Mərkəzin keçmiş direktoru Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli dayanıb. 

Əvvəlcə məhkəmə iclasında tərəflər yenə vəsatət qaldırıblar. Elçin Nəcəfov və Vaqif Hacıyev vəsatət verərək zərərçəkən qismində tanınmalarına xitam verilməsini xahiş ediblər. Dövlət ittihamçısı isə vəsatəti əsassız hesab edib və hakimdən xahiş edib ki, vəsatət təmin olunmasın. Təqsirləndirilən şəxs Mehriban Abasquliyevanın vəkili Muxtar Mustafayev bildirib ki, kiminsə zorla zərərçəkmiş qismində tanınması doğru deyil, bu səbəbdən də vəsatət təmin olunmalıdır. Məhkəmə müşavirə əsasında qərara alıb ki, indiki mərhələdə vəsatət baxılmamış saxlanılsın.

Digər vəsatətsə hadisə zamanı vəzifə yerində olmayıb, dincəlmək məqsədilə işdən yayındığı söylənilən mərkəzin tibb işçilərinin təqsirləndirilən kimi dindirilməsi ilə bağlı olub. Məhkəmənin ilk günündən həm zərərçəkənlər, həm də təqsirləndirilənlər məhkəmədən tələb edirlər ki, körpələri otaqda köməksiz qoyub mətbəxdə çay içən növbətçi tibb bacıları da cinayət məsuliyyətinə cəlb olunsunlar. 

Təqsirləndirilən şəxslərin vəkilləri vəsatəti müdafiə edərək söyləyiblər ki, hadisə həmin mərkəzin əməkdaşlarının səhlənkarlığı ucbatından baş verib və bununla bağlı əllərində video sübut var. Hakimsə bildirib ki, digər şəxslərə cinayət işi açılmasının indiki ittihamla əlaqəsi yoxdur. Vəkil Əlövsət Abbasov məhkəməyə sübut qismində təqdim olunan videoda həmin anların qeydə alındığını söyləyib. Bu səbəbdən də vəsatətin təmin olunmasını xahiş edib. Prokuror bu vəsatətin indiki mərhələdə baxıla bilməyəcəyini bildirərək, daha sonraya saxlanılmasını istəyib. 

Məhkəmə müşavirə əsasında qərara alıb ki, məhkəmə istintaqı başlamadığı üçün bu vəsatət də baxılmamış saxlanılsın, həmin video cinayət işinə əlavə olunsun.

Daha sonra hakim məhkəmə istintaqının başladığını elan edib və ittiham aktını elan etməsi üçün sözü dövlət ittihamçısı Orxan Səmədova verib. 

İttihama görə, Mehriban Abasquliyeva direktoru olduğu müəssisədə xəstə qəbulunun sayını əsassız olaraq iki dəfə artıraraq müəssisənin elektrik təsərrüfatının yüklənməsinə səbəb olub. Hadisə günü isə 9 yenidoğulmuşun müalicə aldığı palatadakı cihazların istifadəsi qadağan edilmiş elektrik ötürücüsünə qoşulması nəticəsində yüksək gərginlik yaranaraq yanğın baş verib. Nəticədə yeddi yenidoğulmuş yanğından və kəskin dəm qazından həyatını itirib, dörd xəstəxana personalı yüngül xəsarət alıb. Yanğın nəticəsində mərkəzin 177 min manatdan çox dəyəri olan tibbi avadınlıqları sıradan çıxıb. Əlavə edilib ki, Respublika Perinatal Mərkəzdə yanğın təhlükəsizliyi ilə əlaqədar heç bir tədbir də görülməyib. Digər təqsirləndirilənlərə də eyni ittiham elan olunub.

Mehriban Abasquliyeva elan olunmuş ittihamla razılaşmır və özünü təqsirli bilmir. Digər iki təqsirləndirilən şəxs də özlərini təqsirli bilməyib. Növbəti məhkəmə iclası yanvarın 13-nə təyin edilib. 

Xatırlatma 

Respublika Perinatal Mərkəzdəki yanğın hadisəsi bu il yanvarın 9-da baş verib. Nəticədə Yenidoğulmuşların intensiv terapiya şöbəsində küvəzdəki yenidoğulmuşlar ölüb. İstintaq orqanı tərəfindən Mehriban Abasquliyevaya qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayevə və Elnur Əhmədliyə qarşı Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Editor

Related Posts