ABŞ-ın Azərbaycandakı səfirliyi AzTV-nin “Həftə” verilişində ölkəsi ilə bağlı səsləndirilən fikirlərə sosial media hesablarında münasibət bildirib.
“Son vaxtlar uydurma ABŞ xoxanlarına qarşı məktəb həyətindəki dalaşqanlara xas sözlər işlədilir. Bu ayın “ən məşhur”ları AzTV-nin “Həftə” verilişinin “açıq şantaj” və “namərdlik” sözləri oldu. Yaxşı cəhddir, ancaq, bu, diqqəti Azərbaycanda 300 nəfərdən artıq siyasi məhbusun əsassız ittihamlarla həbsdə olmasından və onların bayramlarını ailələrindən uzaqda keçirmələrindən yayındıra bilməyəcək”, -açıqlamada qeyd edilir.
Səfirlik ötən həftə də də sosial media hesablarında AZTV-nin yayımladığı süjetə münasibət bildirmişdi.
“Azərbaycanın “yox” cavabı ABŞ-ı silkələdi: Vaşinqtondan Bakıya qarşı “namərd diplomatiya”” adlı süjetdə deyilirdi ki, ABŞ dövlət katibinin haqsız tutulanları azad etməyə çağırışının arxasında Bakının Maltada onun vasitəçiliyi ilə Yerevanla təmasdan imtinası dayanır.
ABŞ səfirliyi isə bildirmişdi ki, “2023-cü ilin noyabrından bəri 30-dan çox jurnalist və bloqerin həbs edilməsi artıq bir faktdır. Bunun səbəbini soruşmaq “namərdlik” sayılır? Yoxsa əsl “namərdlik” Azərbaycan ictimaiyyətini bu faktlardan yayındırmaq cəhdidir?”
Son bir ildə iki ölkə arasında gərginlik yaşanır.