Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

6 il öncə minimum pensiya ilə 10 kq ət almaq olurdusa, gələn il bundan 270 qram çox olacaq

6 il öncə minimum pensiya ilə 10 kq ət almaq olurdusa, gələn il bundan 270 qram çox olacaq

Hökumət gələn ilin əvvəlindən minimum pensiya və maaşların artırılması barədə qərar qəbul edib. 2025-ci il 1 yanvar tarixindən minimum əməkhaqqı 15,9 faiz və ya 55 manat artaraq 400 manata, 1 fevral tarixindənsə minimum pensiyalar 40 manat, yaxud 14,3 faiz artaraq 320 manata çatdırılır.

Məlumat üçün qeyd edək ki, sonuncu dəfə minimum pensiya və əməkhaqları 2 il əvvəl – 2023-cü ilin əvvəlində artırılmışdı.

Minimum pensiyaların alıcılıq qabiliyyəti 2023-cü ildəkindən 3 faiz azdır  

İndiki artım qərarı ilə son 6 ildə minimum pensiyanın nominal məbləği 60 faiz artmış olacaq. Şübhəsiz ki, vacib olan göstərici gəlirlərin real artımıdır – yəni inflyasiyadan təmizlənmiş artım göstərici. Məsələn, əgər ixtiyari bir şəxs artmış pensiyası ilə 3-5 il əvvəlki həcmdə mal və xidmət ala bilmirsə, deməli, artan onun nominal gəliridir, real gəlirləri isə azalıb. Buna pensiya (yaxud maaşların) alıcılıq qabiliyyəti də deyilir. Rəsmi məlumatlar əsasında tərtib edilən cədvəldən də göründüyü kimi, son 6 ildə minimum pensiyanın məbləği zaman-zaman artırılsa da, onun real həcmində və ya alıcılıq qabiliyyətində artım ya baş verməyib, ya da çox cüzi olub.

Əgər 2019-cu ildə minimum pensiya məbləğinin pensiyaçılar üçün təsdiqlənmiş minimum yaşayış xərclərinə nisbəti 134,2% olmuşdusa, 2025-ci il üçün bu göstəricinin 137,9% gözlənilir. Yəni 6 il ərzində minimum pensiyanın nominal məbləği 60% artdığı halda, real məbləği ən yaxşı halda 2,7% artıb. Başqa sözlə, ən aşağı pensiya alan insanların əldə etdiyi mal və xidmətlərin həcmində əhəmiyyətli dəyişiklik baş verməyib, artan nominal məbləğ inflyasiyanın yeminə çevrilib.

Daha sadə nümunəyə baxaq: əgər 2019-cu ildə minimum pensiya ilə 10 kq ət və ya kərə yağı almaq mümkün idisə, gələn il bundan ən yaxşı halda 270 qram çox ət və ya yağ almaq olacaq.

Lakin daha yaxın dövrlə – 2023-cü illə müqayisə etdikdə, minimum pensiyanın alıcılıq qabiliyyətində 3%-ə yaxın azalma görünür. 2023-cü ildə minimum pensiya məbləğinin pensiyaçıların minimum yaşayış xərclərinə nisbəti 140,7%  təşkil etdiyi halda, 2025-ci il üzrə həmin göstərici təxminən 2% azdır. Bu o deməkdir ki, 2 il əvvəlki 280 manatlıq minimum pensiya ilə 2025-ci ilin 320 manatlıq pensiyasından 2%  çox mal və xidmət almaq olurdu.  

Minimum maaşların alıcılıq qabiliyyəti 2023-cü ildəkindən 4 faiz azdır  

Minimum pensiyalarla bağlı yuxarıda qeyd olunan vəziyyət minimum əməkhaqqı göstəricində də müşahidə edilir: 2019-2025-ci illərdə minimum əməkhaqqının nominal məbləği 60% artaraq 250 manatdan 400 manata çatsa da, bu göstəricinin əmək qabiliyyətli əhalinin minimum yaşayış xərclərinə nisbəti faktki olaraq eyni qalıb (131%).  Başqa sözlə, 2019-cu ildə 250 manat minimum maaşa hansı həcmdə məhsul və xiddmət almaq mümkün idisə, 2025-ci ilin 400 manatlıq maaşına da eyni həcmdə məhsul və xidmət almaq mümkün olacaq.

Amma 2023-cü illə müqayisədə minimum əməkhaqqının alıcılıq qabiliyyəti 4% azalıb. Əgər minimum maaşların nominal məbləğinin 345 manat müəyyən edildiyi 2023-cü ildə maaş-yaşayış minimumu nisbəti 136,4% idisə, gələn il üçün gözlənilən göstərici 131,1%-dir. Yəni 2025-ci ilin 400 manatlıq minimum maaşı 2 il əvvəlki 345 manatdan daha dəyərsizdir.

Yüksək inflyasiya və yaşayış xərcləri aztəminatlı insanların cüzi gəlirlərini elə sürətlə “yeyir” ki, son ildə yoxsul insanların yaşayışında 1% də yaxşılaşma olmadığını hətta rəsmi rəqəmlər də təsdiqləyir. Halbuki elə həmin rəsmi statistika arxada qalan 5 ildə (2019-2024) milli gəlirin real olaraq 15%-ə yaxın artdığını göstərir. 

Minimum əməkhaqqının artırılması sahibkarların xərclərini artırır

Fərdi sahibkarların pensiya və tibbi sığorta fondları üçün məcburi ödəmələrinin həcmi minimum əməkhaqqının məbləğinə görə hesablanır. Minimum maaşların artırılması onların sosial vergi yükünü də ağırlaşdırır. Məsələn, Bakıda fəaliyyət göstərən fərdi sahibkarlar minimum əməkhaqqının 25%-i qədər pensiya fonduna, 4%-i qədərsə icbari tibbi sığorta fonduna ödəmə etməlidirlər. Bu o deməkdir ki, son artım qərarı həmin şəxslərin pensiya sığortası üçün aylıq xərclərini 86 manatdan 100 manata, tibbi sığorta xərclərini isə 13,8 manatdan 16 manata yüksəldir.

Editor

Related Posts