Dekabrın 27-də Baş Prokurorluq və Səhiyyə Nazirliyi qanunsuz tibbi fəaliyyətə şərait yaradılması müqabilində rüşvət almaqda şübhəli bilinən iki vəzifəli şəxsin saxlanılması haqqında məlumat yayıb.
Birinci24.com xəbər verir ki, bunlar Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmova, əvvəllər həmin nazirliyin İctimai Səhiyyə və islahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri olmuş Lətafət Cabbarovadır.
Bildirilir ki, adları çəkilən şəxslərin və korrupsiya şəbəkəsinin digər üzvlərinin qanunsuz olaraq həkimlərin ixtisaslarının dəyişdirilməsi, onların tibbi və ya əczaçılıq, o cümlədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olma hüququ verən sertifikasiya imtahanlarına buraxılmasına, saxta sertifikatlarla təmin olunması və digər sui-istifadə hallarına yol verməsi müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.
Bununla bağlı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdar rüşvət alma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Səidə Rüstəmova və Lətafət Cabbarovaya ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.
Adları çəkilən hər iki şəxsin yaxınları və ya vəkilləri hələlik bununla bağlı açıqlama verməyiblər.