Azərbaycan Hava Yolları (AZAL) şirkətinə məxsus “Embraer”-190AR təyyarəsinin qəzaya uğraması və 40 nəfərə yaxın insanın həlak olmasıyla nəticələnən faciəvi hadisə Azərbaycanın quru sərhədlərinin açılmasına dair ictimai müzakirələri yenidən alovlandırıb.
Qlobal Covid-19 pandemiyasını əsas gətirərək 2020-ci ilin ilk aylarından quru sərhədləri bağlayan Azərbaycan hökuməti bir neçə ildir ki, müxtəlif arqumentlərlə bu qərarını qüvvədə saxlayır. Rəsmi sənədlərdə səbəb olaraq epidemiya təhlükəsi göstərilsə də, ölkə başçısı da daxil, bəzi rəsmi şəxslər ölkə üçün hansısa təhlükələr barədə danışırlar.
Bu yaxınlarda ölkənin quru sərhədlərinin bağlanmasının 5 ili tamam olacaq. Müstəqil ekspertlər həm mediada, həm də sosial şəbəkələrdə zaman-zaman bu addımın arxasında duran fərqli səbəblərə toxunurlar. Məsələn, quru sərhədlərin bağlanmasının AZAL və “Silkway” kimi daşıyıcı şirkətlərə daha çox mənfəət qazandırmağa xidmət etdiyini düşünənlər var. Digərləri hesab edirlər ki, İran, Rusiya və Gürcüstandan gətirilən müxtəlif təyinatlı malların daxili bazarda yaratığı ucuzluq inhisarçı şirkətlərin maraqlarına cavab vermədiyi üçün quru sərhədlər qapadılıb. Bu addımın ölkədən kənara valyuta axınlarını daha da məhdudlaşdırmağa xidmət etdiyi də iddialar arasındadır.
Qəzadan sonra sosial şəbəkələrdə başlamış müzakirələrdə bir-birinə tam əks olan 2 mövqe ortaya qoyulub: birincilər hesab edirlər ki, quru sərhədlər bağlı olmasaydı, xeyli sayda insanın ölümüylə nəticələnən bu faciə baş verməyəcəkdi. Çünki Qroznı da daxil olmaqla, Şimali Qafqazın istənilən nöqtəsinə avtomobillə getmək istər iqtisadi, istərsə də zaman baxımından daha sərfəlidir. Xüsusilə də Azərbaycanın şimal və şimal-qərb bölgələrindən Rusiyanın həmin ərazilərinə gedənlər üçün quru yolun istənilən alternativdən daha əlverişli olduğu hər kəsə gün kimi aydındır.
İkincilərsə bildirir ki, təyyarə qəzaları həmişə olur və hava nəqliyyatı quru nəqliyyatdan qat-qat təhlükəsizdir, çünki havada qəzalar nadir hallarda baş verir.
Amma məntiq onu deyir ki, alternativ marşurut olsaydı, 3 gün əvvəl qəzaya uğramış təyyarədəki insanlar hava nəqliyyatını seçməyəcəkdilər. Bundan başqa, təyyarə qəzaları nadirən baş versə də, havadakı qəzada sağ qalmaq şansı son dərəcə az, avtomobil qəzalarında isə çox yüksəkdir. Məsələn, bu qəza avtomobil yolunun olmadığı bir ölkəyə gedərkən baş versəydi, kimsə quru sərhədlərinin bağlı olmasını səbəblərdən biri kimi göstərməyəcəkdi. Lakin söhbət Azərbaycanla sərhəd olan, ölkədən gedənlərin az qala 90%-nin avtomobillə 3-5 saata gedə biləcəyi ölkələrə səfərlərdən gedir.
Rəsmi statistika da göstərir ki, quru sərhələrin qapadıldığı dövrədək ölkədən çıxanların çox böyük əksəriyyəti məhz avtomobil yolundan istifadə edib.
Bunu cədvəldəki rəsmi statistik məlumatlardan da aydın görmək olur:

Rəsmi məlumatlardan da göründüyü kimi, quru sərhədlərin açıq olduğu sonuncu ildə (2019-cu il) ölkədən çıxan insanların 65%-i, yəni hər 100 nəfərdən 65-i (5,6 milyon nəfərdən 3,6 milyonu) məhz avtomobil nəqliyyatını seçib.
Həmin ildə ölkədən çıxan bütün vətəndaşların 95%-i (5,3 milyon nəfəri) 4 ölkəyə – Rusiya, İran, Gürcüstan və Türkiyəyə avtomobillə gedib.
Başqa sözlə, quru sərhədlərin açıq olması qonşu ölkələrə gedən hər 100 nəfərdən 95-nə avtomobil nəqliyyatını seçmək fürsəti yaradır.
Nəticə etibarilə hökumətin heç bir ağlabatan arqumentlə əsaslandıra bilmədiyi “qapalı sərhəd” siyasəti insanların 1-2 saata və 40-50 manatlıq yanacaqla yetişə biləcəyi sərhədyanı ərazilərə 10-12 saat və yüzlərlə manat xərcləməklə getməsinə səbəb olur. Ortada insanların maddi ziyana uğraması, daha təhülkəli marşrut seçmək məcburiyyətində qalması, hətta həlak olması kimi aşkar reallıqlar var.
İndi hökumətin sözü nədir?
Bir faktı da diqqətdən qaçırmayaq: 2019-cu illə müqayisədə ölkədən çıxan Azərbaycan vətəndaşlarının sayı 3 dəfə azalıb – 5,6 milyon nəfərdən 1,8 milyon nəfərə enib, o cümlədən qonşu ölkələrə (quru sərhədimiz olan 4 dövlətə) gedənlərin sayı 3,5 dəfə azalaraq 5,3 milyon nəfərdən 1,5 milyon nəfərə enib.