Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Prokuror işçi hüquqlarını qoruyan ictimai fəala 10 il həbs cəzası istədi

Prokuror işçi hüquqlarını qoruyan ictimai fəala 10 il həbs cəzası istədi

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri, ilyarıma yaxındır həbsdə olan ictimai fəal Afiəddin Məmmədova prokuror 10 il cəza verilməsini istəyib. Dövlət ittihamçısı yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu təkliflə çıxış edib.

Prokuror iddia edib ki, A.Məmmədova verilmiş xuliqanlıq və qəsdən bədənə ağır xəsarət yetirmə ittihamı – onun Səfər Hüseynov adlı şəxsi bıçaqlaması məhkəmədə sübuta yetirilib.

Ancaq A.Məmmədovla vəkili Zibeydə Sadıqova bu deyilənlərlə razılaşmırlar. Onlar prokurorun çıxışından öncə məhkəmə istintaqının tamamlanmasına etiraz ediblər.

Vəkil deyib ki, həqiqətin ortaya çıxarılması üçün məhkəmə Xətai rayonundakı 34-cü polis bölməsindən kamera görüntülərini alıb araşdırmalıdır. Üstəlik, zərərçəkmiş qismində tanınan S.Hüseynovun üzərində əvvəllər aparılmış cərrahiyyə əməliyyatıyla bağlı xəstəlik tarixçəsi məhkəməyə təqdim edilməlidir. Müdafiəçinin qaldırdığı vəsatətlərdən biri də S.Hüseynovun bıçaqlandığı iddia edilən ərazidəki kamera görüntülərinin alınıb baxış keçirilməsi olub.

“Ərazinin yaxınlığında nə qədər kamera var… niyə əlavə olunmayıb?”

Z.Sadıqova vurğulayıb ki, müvəkkili A.Məmmədov heç kimi bıçaqlamadığını, şərlənərək həbs edildiyini bildirir: “Afiəddin Məmmədovun Səfər Hüseynova bıçaqla xəsarət yetirdiyi iddia olunan ərazinin yaxınlığında nə qədər kamera var. İstintaq orqanı başqa işlərdə dərhal həmin görüntüləri alır, işə əlavə edir. Bu işdə niyə əlavə olunmayıb? Deməli, belə bir hadisə olmayıb, Afiəddin heç kimi bıçaqlamayıb”.

Vəkilin sözlərinə görə, ehtimal edilir ki, zərərçəkmişin bədənindəki çapıq kor bağırsaq əməliyyatından qalmış izdir. Bu səbəbdən onun xəstəlik tarixçəsinin araşdırılması vacibdir.

Polis bölməsindəki kamera görüntülərinin tələb olunmasının səbəbinə gəlincə, A.Məmmədov bildirib ki, saxlanılıb bölməyə aparılandan sonra orada döyülüb, orada zorla əlinə bıçağı verərək süni şəkildə əl izləri yaradıblar.

Məhkəmə vəkilin qaldırdığı vəsatətlərin heç birini təmin etməyib.

“Siz burada obyektiv məhkəmədən danışırsınız, amma sizdə obyektivliyin “o” hərfi də yoxdur. Belə məhkəmə olmur…”, – A.Məmmədov hakimlərin qərarına etirazını belə ifadə edib.

Məhkəmə prosesi yanvarın 14-də müdafiəçinin çıxışı, ardından A.Məmmədovun özünün sonsözüylə davam edəcək. Daha sonra hökm oxunacaq.

Editor

Related Posts