“TikTok”da “Sonsuzluğun sonu” adlı səhifə yaradılıb. Yanvarın 10-da bu sosial şəbəkə üçün qeyri-adi olan doqquz video paylaşılıb.
Səhifə istifadəçilərin böyük marağına səbəb olub.
Qeyd edək ki, səhifə müasir incəsənət sərgisidir. “Aliya The Mushroom”, Xəyalə Əkbər, Ellada Ağayeva kurator Sofiya Frankın konsepsiyası çərçivəsində animasiya və video-art janrında əsərlər yaradıblar. Layihənin incəsənət meneceri Tunar Əmirovdur.
Layihə “YARAT” Müasir İncəsənət Məktəbinin tələbələrinin yekun sərgisi çərçivəsində hazırlanıb, müəllifi və kuratoru tanınmış rəssam Səbinə Şixlinskayadır.
“Sonsuzluğun sonu” Azərbaycan dilində “sonsuzluq” sözünün iki mənasına – sonsuzluq və övladsızlıq anlayışlarına əsaslanır.
Layihənin kuratoru qeyd edir ki, əslində, bu iki anlayış bir-biri ilə bağlıdır.
“Genlərimizdə ölümsüzlük istəyinin təməlində nəsil davamlılığı barədə düşünmək fikri dayanır. Biz nəsillərimiz vasitəsilə yaşamağa davam edəcəyik və bu yolla bir növ əbədiyyətə çatmış olacağıq. Bəs müxtəlif səbəblərdən valideyn ola bilməyənlər nə etməlidir? Onlar fiziki bədənləri ilə birlikdə yox olub gedəcəklərmi? Xeyr! Yəqin ki, məhz buna görə Azərbaycan dilində övladsızlığı “sonsuzluq” adlandırırlar. Çünki ölümsüzlüyə çatmağın başqa bir yolu da var. Sonsuzluğa çıxış incəsənət vasitəsilə açılır. İnsan məhz sənət əsərləri yaradaraq var olmağa davam edər. Fiziki bədən yox ola bilər, amma onun işi yaşayacaq. Sonludan sonsuza gedən yol yaradıcılıqdan keçir”, – deyə Sofiya Frank bildirib.
“Amma bir “əmma” var: yaratdığınız əsər o zaman yaşayacaq ki, kimsə onun haqqında bilsin: musiqiniz onu dinləyənlər olduğu müddətcə yaşayacaq, kitabınız oxunduğu müddətcə mövcud olacaq, rəsminiz kimsə ona baxdığı müddətdə var olacaq”, – deyə o, əlavə edib.
Sofiya Frankın fikrincə, buna görə yaradıcı insan əsərlərini dünyaya göstərməlidir, izləyicilərdən qaçmamalıdır, çünki tamaşaçılar onun sonsuzluğa biletidir.
Onun sözlərinə görə, bu səbəbdən sərgi təkcə XX-XXI əsrlər Azərbaycan rəssamlıq muzeyinin divarları arasında deyil, həm də incəsənətə və incəsənətin sonsuzluğa həqiqi yol olduğunu anlamağa ac olan çoxsaylı tamaşaçıların olduğu “TikTok”da keçirilir.
Hazırda səhifənin 624 abunəçisi var. Hər video orta hesabla 9 mindən çox baxış toplayıb. Xəyalə Əkbərin ikinci videosu isə viral olub və 95 mindən çox baxış yığıb. İstifadəçilər əsəri müzakirə edərək videolara çoxsaylı şərhlər yazırlar.
Qeyd edək ki, muzeydəki sərgi fevralın 2-dək davam edəcək. İş saatları: çərşənbə axşamı-bazar günləri, 12:00-20:00. Giriş sərbəstdir.