Ötən həftə Bakı Ağır Cinayətlər Məhkəməsi qarşısında “Siyasi məhbuslara azadlıq” yazılmış plakat qaldıran Milli Şuranın üzvü Cəmil Hacıyev polislərin ona təzyiq etdiyini, təkrar polis idarəsinə çağrıldığını bildirir.
O, Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun məhkəməsi zamanı siyasi məhbuslarla bağlı plakat qaldırdıqdan az sonra saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə aparılmışdı. İdarədə döyüldüyünü bildirən C.Hacıyev polislərin ondan bu məsələni ictimailəşdirməməsini istədiklərini, onu hədələdiklərini iddia edir.
“Amma mən jurnalistlərə hər şeyi olduğu kimi danışdım”, Cəmil Hacıyev deyir.
İctimai fəal sərbəst buraxıldıqdan sonra yanvarın 12-də Nəsimi Rayon Polis İdarəsinə çağrıldığını, amma rəsmi çağırış olmadan polisə getməyəcəyini bildirir.
Cəmil Hacıyev polisdə zorakılığa məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyinə və Baş prokurorluğa şikayət yazıb.
Hələlik Daxili İşlər Nazirliyi Cəmil Hacıyevin dediklərinə münasibət bildirməyib.