Ceyhun Bayramov: ”USAİD-in fəaliyyətinin tam olaraq dayandırılmasının vaxtı yetişib”

Ceyhun Bayramov: ”USAİD-in fəaliyyətinin tam olaraq dayandırılmasının vaxtı yetişib”

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsasının olmadığını bildirib.

Onun sözlərinə görə, de-yure bu müddət 2024-cü ilin iyununda başa çatıb.

“Onların (USAİD) fəaliyyətinin tam olaraq dayandırılmasının vaxtı yetişib”, nazir belə deyib.

Bayramov bu fikirləri yanvarın 16-da Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında səsləndirib.

İlham Əliyev də dekabrın sonunda Rusiya mediasına mesahibəsində USAİD-in fəaliyyətini tənqid etmişdi. O, Beynəlxalq İnkişafa Yardım Agentliyinin (USAİD) ölkədə fəaliyyətini qadağan edə biləcəyini söyləmişdi.

Həmçinin, ötən ilin oktyabrında ABŞ konqresmenlərinin dövlət katibi Entoni Blinkenə siyasi məhbusları azad etməsilə bağlı çağırışından sonra Milli Məclisin bir qrup üzvü cavab məktubu yaydı. Deputatlar xarici işlər naziri Ceyhun Bayramovdan xahiş etdilər ki, ABŞ ilə münasibətlərə yenidən baxılsın, konkret iki sazişə xitam verilsin, USAID-in Azərbaycandakı layihələri dayandırılsın.

1991-ci ildən Azərbaycanda fəaliyyət göstərən USAİD-in rəsmi saytında bildirilir ki, qurum azərbaycanlılara dəstək proqramlarına, o cümlədən humanitar yardım, səhiyyə sektoru, iqtisadi və idarəetmə islahatlarına 431 milyon dollar sərmayə qoyub.

27 milyard dollardan çox büdcəsi olan USAID dünyanın ən böyük rəsmi yardım agentliklərindən biridir.

Editor

Related Posts