Today Cümə axşamı, 6th Mart 2025
Birinci 24

Birinci 24

Qarabağ separatçılarının məhkəməsi başlayıb

Qarabağ separatçılarının məhkəməsi başlayıb

Bakıda ilyarıma yaxındır həbsdə olan Qarabağ separatçıları – “Dağlıq Qarabağ Respublikası”nın “prezident”i olmuş Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, keçmiş “xarici işlər naziri” Davit Babayan, “parlament sədri” Davit İşxanyan və digərlərindən ibarət 16 nəfərin məhkəməsi başlayıb. Onların işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev və bu məhkəmənin daha iki hakimindən ibarət kollegiya baxır. Məhkəmə prosesi Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yeni tikilmiş məktəb binasında keçirilir. Bu da təhlükəsizlik və iş üzrə zərərçəkmişlərin sayına görə proses iştirakçılarının çoxluğuyla izah edilir.

Məhkəmənin açıq keçirildiyi iddia edilsə də, yanvarın 17-də hazırlıq iclası faktiki qapalı şəraitdə baş tutub. Məhkəmə prosesinə yalnız AzTV və “AZƏRTAC” dövlət agentliyinin əməkdaşları buraxılıb.

16 nəfərdən 15-i birlikdə mühakimə olunur, separatçı qurumun “dövlət naziri” olmuş milyarder Ruben Vardanyan isə məhkəmə qarşısına tək çıxarılıb. Vardanyan onun işinə də Harutyunyan və digərləri ilə birlikdə baxılmasını istəyib. Məhkəməsində vəkili vasitəsilə bu haqda vəsatət qaldırıb. Ancaq onun bu istəyinə “yox” deyilib. Onun daha bir istəyi isə cinayət işinin materialları ilə tanış olmaqdan ötrü vaxt verilməsi olub. Vardanyanın bu istəyi nəzərə alınıb və yanvarın 27-dək vaxt verilib.

Bu məhkəmə proseslərində ittihamı altı prokuror müdafiə edəcək ki, onlardan da ikisi Baş prokuror Kamran Əliyevin köməkçiləridir.

Yanvarın 17-də məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərə dövlət hesabına vəkillər verilib. Həmçinin onlar Azərbaycan dilindən erməni dilinə və əksinə tərcümə edə bilən tərcüməçilərlə təmin ediliblər.

Məhkəmənin hazırlıq iclasında məlum olub ki, Qarabağda həyatını itirmiş şəxslərin ailə üzvləri, yaxud da yaralanan yüzlərlə şəxs bu məhkəmədə zərərçəkmiş qismində tanınıb və prosesin gedişində dindiriləcək. Zərərçəkənlər arasında 1992-ci ildə həlak olmuş jurnalist Çingiz Mustafayevin qardaşı Vahid Mustafayev də var.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.

A.Harutyunyan və digərlərinin işi üzrə məhkəmənin hazırlıq iclası yanvarın 21-də davam edəcək.

Harutyunyan və onunla mühakimə olunan daha 14 nəfərə 2 min 548 epizod üzrə terrorçuluq, soyqırımı, təcavüzkar müharibə başlama, işgəncə, qəsdən adam öldürmə də daxil, onlarla maddə ilə ittiham verilib. Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Editor

Related Posts