Yanvarın 18-də İmişli rayonunda yol polisinin törətdiyiu qəza nəticəsində iki məktəbli ölüb, ikisi yaralanıb.
Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, yol polisi maşınının qarşısına digər bir nəqliyyat vasitəsi çıxıb.Nəticədə xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.
Baş Prokurorluq qəza ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsi üzrə cinayət işi açıldığını bildirir.
Baş verənlərlə bağlı İmişlidə bir qrup insan etiraz edib, polisin avtomobili çevrilərək yararsız hala salınıb.
Daha sonra etirazçılar rayon polis idarəsinə qədər yürüş ediblər, “İstefa” şüarı səsləndiriblər.
İmişidəki etirazlarla bağlı DİN-in yaydığı açıqlamada bir qrup şəxsin xidməti avtomobilə zərər vurduğu və həmin şəxslərin saxlanıldığı deyilir.