Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycan niyə ATƏT-in missiyasına qarşıdır?

Azərbaycan niyə ATƏT-in missiyasına qarşıdır?

44 günlük müharibədən sonra Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırma siyasətinin əsasında beynəlxalq iştirakçıların sayının minimuma endirilməsi dayanırdı. Əməkdaşlıq və sülh tərəflərin ümumi maraqlara malik olmasını tələb edir. Vasitəçilərin sayının artması isə bir-biri ilə toqquşan maraqların sayını artırıb, sülhün əldə edilməsinə mane olur və informasiya axınlarının həyata keçirilməsini qəlizləşdirir. Rusiyanın Ukraynaya təcavüzündən sonra isə ziddiyyətlər pik həddə çatdı.

Müharibənin nəticələrinə uyğun olaraq nizamlanma prosesinin əsas iştirakçıları Rusiya və Türkiyə oldu. Rusiyanın vasitəçiliyi üçtərəfli razılaşmasının 3 və 4-cü bəndlərinə, Türkiyənin isə 11 noyabr tarixli “Atəşkəsə Nəzarət üzrə Birgə Mərkəzin yaradılması haqqında Memorandum”a söykənirdi. Üçtərəfli razılaşmanın 4-cü bəndi erməni silahlı qüvvələrinin çıxarılmasını, 9-cu bənd isə Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutsa da, Ermənistandakı siyasi qeyri-stabillik və Rusiyanın üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmək istəməməsi bu bəndlərin 2021-ci ildə gerçəkləşməsinə imkan vermədi.

Ermənistan rəhbərliyi üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini ləngitmək, “çətin” qərarların qəbulu müddətini uzatmaq və danışıqlarda mövqeyini gücləndirmək üçün prosesə yeni vasitəçilər cəlb etməyə çalışdı. Rusiyanı daha məsuliyyətli olmağa təhrik etmək üçün Bakı ABŞ və Gürcüstanın birdəfəlik vasitəçiliyinə icazə verdi. 2021-ci ilin iyun ayında ələ keçirilmiş erməni hərbçiləri minalanmış xəritələrə dəyişdirildi.

2021-ci ildə Ermənistanda növbədənkənar parlament seçkilərindən sonra belə Moskvanın vasitəçiliyində pozitiv irəliyiş olmadı. Bu Brüsselin vasitəçiliyini aktuallaşdırdı. Avropa İttifaqını nizamlanma prosesinə Ermənistan dəvət etdi. Azərbaycan ilk dövrdə Aİ-nin vasitəçiliyinə mənfi yanaşırdı. Belə ki, Aİ ədalətsiz yanaşma nümayiş etdirib, təcavüzkar Ermənistana 2,6 mlrd, işğal qurbanı olan Azərbaycana isə 150 milyon avro maliyyə yardımı ayırmışdı. Lakin, yardım paketi 2 milyarda qədər artırılandan sonra Bakı Brüsseli “dürüst vasitəçi” adlandırdı.

Beləliklə, Moskva və Brüssel formatları rəsmi Bakının iştirak edə biləcəyi maksimal vasitəçilikdir. Vaşinqtonun diplomatik səylərini Brüssel formatı kontekstində nəzərdən keçirdikdə onu da qəbul etmək mümkündür.

Buna baxmayaraq, beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in meydana çıxması Azərbaycan tərəfindən heç cür qəbul edilə bilməz. ATƏT-in Prosedur Qaydaları adlı sənədinin ikinci maddəsinə əsasən, təşkilatın direktiv orqanlarının qərarları konsensus əsasında qəbul edilir. Sənədə görə “konsensus, baxılan məsələ ilə bağlı qəbul edilən qərara iştirakçı dövlət tərəfindən hər hansı etirazın olmaması kimi müəyyən edilir”. Azərbaycan XİN-in şərhinə əsasən, missiya məsələsi ATƏT-in hər hansı bir kollektiv qərar verici orqanı tərəfindən heç zaman müzakirəyə çıxarılmadığına və bu barədə heç bir qərar qəbul edilmədiyinə görə ATƏT mandatına malik ola və ATƏT-lə heç bir şəkildə əlaqələndirilə bilməz. Vurğulayaq ki, ATƏT-in Prosedur Qaydaları sənədinə əsasən, yalnız konsensus əsasında qəbul edilən qərar, bəyanat, hesabat, məktub və digər sənədlər ATƏT sənədləri adlanıb, iştirakçı dövlətlər üçün siyasi məcburiyyət qüvvəsinə malikdir.

Brüsselin Ermənistandakı missiyası Bakı üçün ürəkaçan olmasa da, bu missiya Praqa görüşü çərçivəsində razılaşdırılmışdır. Azərbaycan missiya ilə iki ay müddətinə əməkdaşlıq edəcəyinə razılıq vermişdir. Görüşdən az sonra Aİ birtərəfli qaydada Ş.Mişelin bəyanatına zidd olaraq Ermənistana göndərilən missiyanın səlahiyyətlərini artırmış və missiyanın 2 aydan çox fəaliyyət göstərə biləcəyini bildirmişdir. Bu səbəbdən də Azərbaycanın Aİ missiyası ilə 2 aydan artıq əməkdaşlıq etməsi məqsədəuyğun deyil.

Beləliklə, diplomatik platformaların sayı Bakı tərəfindən artırılmayacaqdır. Sülh sazişi və Ermənistanın öhdəliklərinə əsaslanan siyasi gündəm dəyişməz qaldığına görə növbəti iki ay ərzində qarşılıqlı əlaqə formatları hətta kəsilə də bilər.

Editor

Related Posts