Azərbaycanda yeni referendum keçirilə bilər.
Birinci24 informasiya agentliyi xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc səsləndirib.
“Qarşıda bir çox çağırışlar var. Bu çağırışlar arasında yeni referendumun keçirilməsi də var. Konstitusiya dövlət quruculuğunun Baş Planıdır, bu anlamda Zəfər Konstitusiyasının qəbul olunması da mümkündür”, deputat Zahid Oruc deyib.
Müstəqil Azərbaycanın ilk konstitusiyası 1995-ci ildə noyabrın 12-də qəbul edilib.
Konstitusiya qəbul olunduğu gündən ona üç dəfə – 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də, 2016-cı il sentyabrın 26-da referendum yolu ilə əlavə və dəyişikliklər edilib.
2009-cu ildə bir nəfərin iki dəfə prezident seçilməsi ilə bağlı məhdudiyyət aradan qaldırıldı, 2016-cı il referendumunda prezidentlik müddəti 5 ildən 7 ilə qədər artırıldı. Bundan başqa, ölkədə vitse-prezidentlik vəzifəsi təsis edildi. Bundan bir il sonra ölkəyə 2003-cü ildən rəhbərlik edən prezident İ. Əliyev öz xanımı Mehriban Əliyevanı Birinci vitse-prezident vəzifəsinə təyin etdi.
Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə bağlı növbəti referendumun keçirilməsi yeni söhbət deyil. Bu müzakirələr 2023-cü ildən zaman-zaman gündəmə gəlir. Hakim düşərgəyə yaxın şəxslər bəzən bu dəyişiklikləri 2020-ci ildən sonra ölkədə yeni vəziyyət yaranması ilə izah edirlər.