Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Bərdə rayon Məhkəməsinin keçmiş hakimi Elsun Əhmədov məhkəmə zalındaca həbs olunub.
Birinci24 informasiya agentliyi xəbər verir ki, o, rüşvət almaqda təqsirləndirilib. E. Əhmədov məhkəmədə özünü təqsirli bilmədiyini, heç kimdən rüşvət istəmədiyini və almadığını deyib. Barəsindəki cinayət işini qurama adlandıran hakim son sözündə də məhkəmədən bəraət istəyib.
Gəncə Ağır Cinayətlər Məhkəməsi onu təqsirli sayıb. E. Əhmədovun ittiham olunduğu CM-in 311.3.3 maddəsində cəza 8 ildən başlasa da, ona minimum həddən də aşağı – 5 il həbs cəzası kəsilib.
O, 2024-cü il fevralın 6-da saxlanılıb. İstintaq və məhkəmə gedən dövrdə onun ev dustaqlığında qalmasına qərar verilib.
E. Əhmədovun hakimlik fəaliyyətinin müddəti 2023-cü il dekabrın 21-də başa çatıb və uzadılmayıb.